19:59 Cümə Axşamı, 21 Fevral 2019
Maqazin

"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu pomidor-xiyar satırdı" — Məşhur meyxanaçıdan sərt sözlər

16:39, 14.01.20193367
Ötənlərin məşhur meyxanaçısı Rəhman Basılmaz hazırda populyar olan bəzi həmkarlarını sərt tənqid edib.

AZXEBER.COM xəbər verir ki, söz ustadı "Ölkə.Az"ın əməkdaşıyla söhbətində öncə Namiq Qaraçuxurlu barədə danışıb:

"Namiqlə əvvəl normal münasibətimiz olub, indi demək olar ki, əlaqə saxlamırıq. O, zəng vurmur, maraqlanmır, mən də ona görə zəng vurmuram. Ümumiyyətlə, meyxanaçıların doxsan faizi efirə çıxandan sonra dəyişirlər.

İndi meyxana deyənlərin doxsan doqquz faizi məndən çəkinir. Çox həmkarlarımın da söz-söhbəti olub, həll etmişəm, adlarını çəkmək istəmirəm, özləri bilir.

Hər zaman sözümü üzlərinə demişəm. Dəfələrlə meyxananı pis günə qoymaqlarını, pula əyilməklərini, pula görə sənəti satmaqlarını da söyləmişəm. Mən meyxana deyəndə onlar xiyar-pomidor satırdılar".

Əməkdaşımızın "Xiyar-pomidor satmaqla bağlı dedikləriniz Namiqə aiddirmi" sualını Rəhman Basılmaz belə cavablandırıb:

"Bəli, xiyar-pomidor satmaq ayıb deyil. Sadəcə, insan keçmişini unutmamalıdır. Otuz ilə yaxındır ki, sırf meyxanayla məşğulam, başqa işlə məşğul olmamışam. Acından da ölsəm, meyxanadan uzaqlaşmamışam. Meyxana aləmində heç kimə ustad deməmişəm, öz zəhmətimlə bu yerə çatmışam və hətta cibimin puluna kliplər çəkdirmişəm, sponsorum olmayıb".

Məşhur meyxanaçı Vüqar Maştağalı barədə isə bunları deyib:

"Vüqar dedi ki, meyxanaçılar kənara çəkiliblər. Meyxananı elə birinci pis günə qoyan Vüqar olub. Ədalətlə gedib duet oxuyanda düz idi, indi kimsə başqasıyla duet oxuyanda pis olur?

İndi pulun qurtarıb, bilmirsən ki, necə çaxnaşma yaradasan. İndi hərə özününkünü ortalığa çəkir, amma mən sadə həyat sürürəm, hər zaman da camaatın içindəyəm.

Mən varlıların yox, kasıbların şairiyəm. İstəmirəm ki, kimsə fikrimi arxada danışmaq, yaxud paxıllıq kimi qəbul etsin. Özləri də etiraf edirlər ki, Rəhman meyxana deyəndə çoxları yox idi.

Bunu hansı meyxanaçı etiraf etmirsə, deməli, vicdanı yoxdur. Pis də olsa, yaxşı da olsa, demişəm. Nizami Rəmziylə, Molla Məmmədlə, Dağlı Tahirlə aylarla Masallıda-İstisuda qardaşlıq edəndə bunlar harada idi?

İndi çıxıb deyirlər ki, Nizami Rəmzi ustadımızdır. O vaxt mən də uşaq idim. Sadəcə, efirdə nə deyirsənsə, xalq da o cür qəbul edir. Nizami Rəmzi, Ağasəlim Çıldağ, Molla Məmməd kimi sənətkarlarla kasetlərim var.

Dediklərimi Masallının ağsaqqalları da təsdiq edə bilərlər".

"Bir müddət əvvəl yazmışdılar ki, ermənilər meyxananı öz adlarına çıxmaq istəyirlər.

Yazdım ki, nəinki erməni, heç bir millət bu sənəti öz adına çıxa bilməz. Əgər biz sənətimizi pulla satmasaq, ermənilər heç vaxt meyxanaya yiyə dura bilməzlər. Allahdan başqa heç kimdən qorxmuram.

Bu sənətdə mən can qoyanda, indikilərin biri xiyar-pomidor satırdı, biri beton zavodundan fəhlə işləyirdi. Ən qorxulu vaxtlarda dediyim meyxanaya görə polis bölməsinə aparırdılar ki, bu sözü niyə demisən?

Bu boyda əziyyət çəkmişəm, sadəcə, adı mənim olub, dadı başqalarının. Yığılıb efirə danışırlar, camaat da elə bilir ki, bunlardan başqası yoxdur".

Qeyd edək ki, Rəhman Basılmaz 90-cı illərin məşhur meyxanaçısı olub.
XƏBƏR LENTİ