23:29 şənbə, 26 May 2018
KÖŞƏ

Ümidləri alan İblis

18:13, 12.02.201519287
Ümidləri alan İblis
Mətanət Əliyeva
3 gündür İlhaməni düşünür, onunla ürəyimdə danışır, çarəsiz, kiçicik əlləriylə həyata möhkəm-möhkəm yapışmış bu körpəyə bacardığım qədərincə kömək etməyə çalışıram. Hərdən etdiklərimin – təkliflərimin, danışdıqlarımın, müraciətlərimin müsbət nəticəli olacağına inanmasam da. Çarə axtarıram hərdən çarəsiz, ümidsiz halda olsam da belə. Amma tam ümidsiz deyiləm. Çünki içimdə otura bilməyən İblisin deyil, mənə əmr verən vicdanımın səsiylə gedirəm insanlarla ünsiyyətə. Məni eşitsələr də, eşitməsələr də.
Körpə qızcığazın anasına təsəlli vermək üçün hərdən kəlimələri belə insan tapa bilmir. Amma Allahdan ümid kəsilməz. Mən bütün ümidlərimin bitdiyi yerdə, içimdəki SƏSin səsinə qulaq asdım. İlk dəfə İlhamə Nağızadənin xəstəliyini gözü yaşlşı anasından dinləyəndə bir anlıq düşündüm ki, necə kömək edəcəyik ilahi bu uşağa??? Yaşadığım bu 3 gündə ətrafımda baş verənlərdən çox təsirləndim. Eşitdiyim sözlərin bir çoxu məni çox sarsıtdı. Amma Allahdan ümid kəsilməz dedim yenə də özüm-özümə. Ərk etdiyim insanların ümidsizliyə qapılan düşüncələrini yox etməyə çalışdım. Çünki ananın hər gün gözlərimin qarşısında çarəsizcə göz yaşlarını silə-silə, əksərən isə utancaqçasına yerə baxa-baxa danışması, dəstək üçün ona zəng edən insanlara təşəkkür edəndə çəkdiyi sıxıntılar çarəsiz qalan məni boğurdu sanki. Amma geri durmamağı düşündüm içimdə hər dəfə. Hansı anaya demək olar ki, sus, otur yerində, artıq balana çarə yoxdur, əldən gedəcək uşaq…
Biz insanları İblis idarə edəndə ümidlər itir. Vicdanlar susur. İlhamənin anasını təhqir edən kişi söylədiyi hansı başla, hansı düşüncəylə, hansı qəlblə söyləyib o sözləri, bilmirəm. Bildiyim tək şey budur – adamın içində İblis oturub. Bunun başqa adı yoxdur. Oturub ki, vicdan susub, danışan İblisdir. Bəzən müdriklər deyir ki, bir könülü tikə bilirsənsə dillən, yox bacarmırsansa, heç olmasa sus.
İndi çoxu danışır, bacaran da, bacarmayan da, iş görən də, görməyən də. Çarəsiz duruma düşənin dəstəyə ehityacı var, təhqirə yox. Dəstəyin isə adı, forması, şəkli, rəngi olmur – bacılar, qardaşlar. Edirsinizsə, adam kimi irəli durub nə isə edin, yox edə bilmirsinizsə, səsinizi kəsin və o iyrənc həyatınızı yaşamağa davam edin. İnsanların ömürlərini zəhərləyə-zəhərləyə, başqalarının həyatlarını, talelərini məhv edə-edə.
Amma mən inanıram. İblisə deyil. Yaxşı insanların ətrafımızda yandırdıqları işığın qəlblərimizdə doğurduğu ümid parçalarına. Bizləri yaşadacaq tək şey İNSANLIQdır, XEYİRXAHLIQdır. Insanlığın, xeyirxahlığın olduğu yerdə isə İBLİSə yer yoxdur. Çünki O ancaq qaranlığa qərq olmuş qəlblərə “qonaq” gəlir.
Mənə bu işığın nuru İlhamə balamızın tezliklə təhlükədə olan həyatını xilas edəcəyimizə ümid verir. Gəlin işıqlarımızı birləşdirək ki, qəlblərimizə də rahatlıq, nur, aydınlıq gəlsin. İBLİSin ümidlərimizi əlimizdən almasına izn verməyin. Onsuz da çətin olan bu həyatda yaşamamıza ən böyük dəstəkçimiz o ümid parçalarımızdır. Çalışaq ki, o parçaları əlimizdən verməyək. Sizləri - bütün İNSANları sevməkdə davam edən bu kəlimələrin müəllifi bəndəniz…
XƏBƏR LENTİ