11:38 şənbə, 26 May 2018
SİYASƏT

Növbədənkənar parlament seçkiləri keçiriləcək? - AÇIQLAMA

12:42, 24.04.20186022
Növbədənkənar parlament seçkiləri keçiriləcək? - AÇIQLAMA
Dünən prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” əlavə sərəncam imzalayıb. Sərəncama əsasən 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, millət vəkili, "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ekologoya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Daha əvvəlki gündə imzalanmış sərəncamla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev "Dövlətqaçqınkom”un sədri vəzifəsinə təyin olunmuşdu.

İstisna olunmur ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası adları çəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verəcək. Çünki ölkə qanunvericiliyi bunu tələb edir. 

Son təyinatlardan sonra Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, bir müddət əvvəl 120 saylı Cəbrayıl-Qubadlı dairəsinin deputatı Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Hazırda Milli Məclisdə 6 deputat yerini boş saymaq olar.

Bəs belədə Milli Məclis növbədənkənar seçkilərə gedə bilərmi?

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olmadığını deyib: 

"Parlament nəyə görə növbədənkənar seçkilərə getməlidir ki?! Hətta, parlamentin yarı heyəti getsə belə, növbədənkənar seçkilərə getməyə ehtiyac olmaz. Sadəcə olaraq, boş qalan yerlərə seçkilər keçirilməlidir”. 

Deputatın sözlərinə görə, yeni seçkilər bu halda ola bilər:

"Prosedur tam olaraq belədir. Öncə həmin 4 deputatın mandatı alınmalı, sonra onların daiərsində təkrar seçkilər keçirilməlidir”.

XƏBƏR LENTİ