17:50 Cümə Axşamı, 18 Oktyabr 2018
ÖZƏL

Sadə ailədən çıxıb, Prezident xanımlarının sevimlisinə çevrildi – Reyhan Camalova kimdir?

13:59, 24.05.201818538
Sadə ailədən çıxıb, Prezident xanımlarının sevimlisinə çevrildi – Reyhan Camalova kimdir?
AZXEBER.COM Azər Niftiyevin təqdimatında "Gənclik gələcək” rubrikasına start verir. Hər həftənin çərşənbə axşamı yayımlanacaq rubrikada oxucular yaşının az olmasına baxmayaraq, böyük  uğurlara  imza atmış, ölkəmizin adını beynəlxalq miqyasda tanıdan gənclərdən və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın ilk qonağı öz elmi ixtirası ilə dünyanın diqqətini özünə cəlb etməyi bacaran və qısa müddətə məşhurluq qazanan 15 yaşlı Reyhan Camalovadır. 

Reyhan Camalova kimdir?

Hər bir ölkənin gələcəyi gənclərdən, daha doğrusu gənc istedadlardan asılıdır. Hansı sahədə olmasından asılı olmayaraq, hər bir gənc öz sahəsinə yeniliklər gətirməyi bacarsa, bu layihələrə maraq yaratsa, bu nəinki onun, bütövlükdə cəmiyyətin uğuru olacaq. Yaxın tarimizdə də bu cür gənclərimiz az olmayıb və hazırda da var. 30 yaşını adlayan və gənclik dönəminə "əlvida deyən” kifayət qədər gənclərimiz olub ki, öz fitri istedadı ilə bütün dünyaya səs salıblar. Fərid Mansurov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Rəsul Çunayev və digərləri buna əyani misaldır.
 

 

 

Siyahıya baxdıqda aydın görürük ki, indiyə qədər ölkəmizi beynəlxalq miqyasda təmsil edən gənclərin əksəriyyəti idman sahəsində bu uğurlara imza atıblar. Lakin çox sevindirici haldır ki, son dövrlər elmi istehsalat sahəsində də dünyanı sözün yaxşı mənasında təəccübləndirməyi bacaran gənclərimiz yetişir və onlardan danışarkən Reyhan Camalova adının üzərindən sükutla keçmək olmur.

15 yaşlı qəhrəmanımız Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci ildə Qubada anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olunub. 2015-ci ildə "İstək” liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə, 100% təqaüdlə "İstək” liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik "İstək” liseyinin IX sinif şagirdidir.

Sakit təbiətli qız, mehriban dost...

Həyatda böyük uğurlara imza atan, öz kəşfləri və nailiyyətləri ilə adını "fenomen şəxsiyyətlər” siyahısına yazmağı bacaran insanların tərcümeyi-halı ilə tanış olduqda məlum olur ki, onlar ilk baxışda heç də uğurlu adam təsiri bağışlamırlar. Hazırda dünya psixoloqları bu suala cavab tapmağa çalışsalar da, qəti rəyə gələ bilmirlər. İlkin ehtimal kimi, onların təvazökar həyat tərzi sürməsi, özlərinə əminliyi və bu əminlik səbəbindən məişət müzakirələrindən kənarda dayanmaları göstərilir. Başqa sözlə ifadə etsək, onlar əsas diqqətlərini məhz uğur qazanmağı hədəflədiyi sahələrə yönəldirlər.

Reyhanın anası Ulduz Camalova deyir ki, qızı təbitəcə sakit insandır: "Amma bilirdik ki, Reyhan nə qədər sakit görünsə də, onun daxilində coşmağa hazır bir okean var. "İstək” liseyində oxumağa başlayanda onun potensialı tam ortaya çıxdı. O dəfələrlə sübut edib ki, arzusuna çatmağı və bunu reallaşdırmağı bacarır. Biz Reyhanla qürur duyuruq, onunla fəxr edirik”.

 


Dostları isə Reyhanı çox mehriban dost kimi xarakterizə edirlər. Onlar bildirir ki, Reyhan heç kimin qəlbinə dəyməyən, dostlarını motivasiya edən, onları uğura yönəldən qayğıkeş bir qızdır. Hətta bəzən rəfiqələrinə görə, öz maraqlarından geri çəkilməyi də bacarır. Bir sözlə 15 yaşı olsa da, o şəxsiyyətdir, böyükdür və bütün fenomenlərə xas keyfiyyətləri özündə cəmləşdirir.

Yağış suyundan enerji alan məktəbli...

Reyhan Camalova 2017-ci ildə "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının məzunudur və məhz "ClimateLaunchpad" proqramı çərçivəsində öz "Rainergy" layihəsinə start verərək proqramın dəstəyi ilə öz layihəsini inkişaf etdirib. 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad" startap akselerasiya proqramına öz "Rainergy" layihəsi ilə qatılıb. 

Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır. "Rainergy" layihəsi "ClimateLaunchpad" proqramının Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startapı" mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak edib.

 


Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Heydərabadda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. Təqdim etdiyi "Start up” sammitdə böyük maraqla qarşılanıb. Enerji istehsalı ilə məşğul olan məşhur dünya şirkətləri azərbaycanlı qızın əldə etdiyi nəticələri yüksək qiymətləndiriblər.

Trampın qızını heyran qoyan Reyhan

Mətbuata açıqlamasında Reyhan Camalova bildirib ki, "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifləri alıb. Bununla bağlı ona çoxsaylı dəvətlər gəlib: "Enerji istehsalı ilə məşğul olan dünya nəhəngləri mənim kəşfimə çox maraqla yanaşdılar. Müxtəlif işbirliyi təklifləri oldu. Çox sevinirəm ki, əməyimə belə qiymət verildi. Bu təkcə mənim yox, mənimlə birlikdə bu kəşfi ortaya çıxaran kollektivin uğurudur”.

Sammit zamanı yaddaqalan daha bir məqam ABŞ prezidenti Donald Trampın qızı, Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Trampın Reyhan Camalova haqqında söylədikləri olub. O deyib: "Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır.” 

Dövlətini sevən məktəbli, fəal gənc...

Gənc olmasına baxmayaraq, öz elmi kəşfi ilə dünyanı heyran qoyan Reyhanın əldə etdiyi uğurlar dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Reyhan Camalova və onun ortağı Zəhra Qasımzadəni qəbul edib. Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənclərin dostu Leyla Əliyeva da iştirak edib. Görüş zamanı gənclər gələcək planları ilə bağlı ölkəmizin birinci xanımına məlumat veriblər. Öz növbəsində Mehriban Əliyeva bildirib ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və dövlət tərəfindən onların layihəsinə lazımi dəstək göstəriləcək.

Reyhan Camalova bir neçə ay öncə Prezident İlham Əliyevin sərəncamı ilə "Gənclər üçün Prezident mükafatı”na layiq görülüb. Eyni zamanda "Rainenergy” qurğusunun yaradıcısı, 15 yaşlı gənc ixtiraçı ASAN Xidmətin ideya müvəkkili təyin edilib. Gənc ixtiraçı 2 il ərzində ictimai əsaslarla fəaliyyət göstərərək, innovativ ideyaları olan istedadlı gənclərə layihələrini üzə çıxarmaq və reallaşdırmaqda dəstək göstərəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı da gənc ixtiraçıya dəstək olacaq. R.Camalova hazırda əsas diqqətini yeni kəşfini işlək vəziyyətə gətirməyə, bu istiqamətdə real nəticələr əldə etməyə yönəltdiyini deyir.

 


Reyhan Camalovanın  elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə açıqlamasında qeyd edir ki, Reyhanın ailəsinin maddi imkanı yüksək deyil. Region gəncidir və yalnız əzmkarlığı, cəsarəti, inamı, nitqi, ağlı ilə bu uğurlara nail olub. 

Nə deyəsən, əhsən! Kaş ki, belə istedadlı, gələcəyi parlaq gənclərimizin sayı çox olardı. Hər halda Reyhan Camalova yaxşı bir model yaratdı və geridə qalanı bu modelin inkişaf etdirilməsidir.

//  Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ