21:41 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Polşadan Azərbaycan generalına maraqlı jest: Heykəli şərflə bağladılar - FOTO

15:17, 04.02.20194977
Polşadan Azərbaycan generalına maraqlı jest: Heykəli şərflə bağladılar - FOTO
Polşa dövləti Azərbaycana maraqlı jest edib.
 
Bu haqda AZXEBER.COM-a Polşa Azərbaycanlılar Birliyinin sədri Cavid Zeynalov məlumat verib.
 
Onun dediyinə görə, polyaklar Varşava şəhərində yerləşən general Vəli bəy Yadigar və polşalı polkovnik Maciej Sulkieviczin heykəlinə ehtiram əlaməti olaraq şərf bağlayıb: "Bu hərəkət Polşa sosial şəbəkələrində paylaşılıb və böyük rəğbətlə qarşılanıb. Bildiyiniz kimi, Polşada qış çox soyuq keçir və gənclər yalnız hörmətli insanlara bu jesti edirlər. Vəli bəy Yadigarov da Polşada sevilən və hörmət duyulan şəxs olub".
 

 


 
Cavid Zeynalov Vəli bəy Yadigar haqda da geniş məlumat verib: 
 
Vəli bəy 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur. 

Polşada çıxan "Jiçe Varşavı" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: "Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır. Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızına evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar.
 
Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir.
 
 

 


XƏBƏR LENTİ