11:23 şənbə, 16 Dekabr 2017
SİYASƏT

Prezident İlham Əliyev: "Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcək"

18:54, 04.08.2017246
Prezident İlham Əliyev:
Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olub. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə gedib. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilib. Görülən tədbirlər nəticəsində tədricən əkin sahələrini artırmaq mümkün oldu. Xüsusilə 2016-cı ildə 2400 hektarda və 2017-ci ildə 3200 hektarda tütün əkilib. "O ki qaldı, tütün istehsalına, 1970-ci ildə 24 min ton istehsal olunmuşdur, 1980-ci ildə isə 57 min ton. Yəni, iki dəfədən çox tütün istehsal edilmişdir. 2015-ci ildə, - mən bunu giriş sözümdə qeyd etdim, - biz tütünçülüyü demək olar ki, itirirdik. 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatmışdır. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır”, - Prezident İlham Əliyev bildirib. Növbəti illərdə əkin sahələrini genişləndirməyin vacibliyinə toxunan dövlət başçısı qeyd edib ki, bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu sahəyə xüsusi diqqət göstərilməlidir. Prezident İlham Əliyev tütün istehsalı ilə məşğul olan rayonlarda qəbul məntəqəsi və qurutma kameralarının quraşdırılması üçün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə, Prezident Administrasiyasına tapşırıq verib. Tütün məhsulunun ixrac coğrafiyasının artdığını bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanda istehsal olunan tütün keyfiyyətlidir. Ona görə də növbəti illərdə artan istehsalı nəzərə alaraq, ixrac bazarlarını indidən planlaşdırmaq lazımdır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan vətəndaşları az siqaret çəkməlidirlər. Çünki bu, zərərli vərdişdir və insanın sağlamlığına çox böyük təhlükələr, problemlər yaradır. Ona görə, müvafiq tədbirlər görüləcək ki, Azərbaycan vətəndaşları bu vərdişdən tədricən əl çəksinlər: "Ancaq bu gün Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. İlk növbədə, daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz ixrac məsələləri ilə də məşğul olacağıq”. Dövlət başçısı həmçinin yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabriklərinin yaradılmalı olduğunu da bildirib. Qeyd edib ki, son məhsula qədər tütün istehsalı Azərbaycanda təmin edilməlidir. 2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Bu barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər. "Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Proqram demək olar ki, hazırdır. Bu gün səslənən fikirlər və mənim səfərim nəticəsində apardığım müşahidələr də o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir ki, dövlət bu sahəyə çox ciddi fikir verir”, - dövlət başçısı qeyd edib.
0
XƏBƏR LENTİ