19:08 Cümə Axşamı, 14 Dekabr 2017
SOSİAL

Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə: "Həyatımın ən həyəcanlı anı idi" - MÜSAHİBƏ

13:13, 16.11.20175340
Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə:

Prezident qarşısında çıxışı böyük diqqətə səbəb olan Bakı Ali Neft Məktəbinin tələbəsi Mahirə Əsədzadə AZXEBER.COM-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Mahirə ötən həftə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə etdiyin çıxış ölkədə böyük diqqətə səbəb oldu. Bəs cənab Prezidentin qarşısında bu çıxışı edərkən hansı hissləri keçirirdin?

- Noyabrın 8-i Heydər Əliyev mərkəzində cənab Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə öz ali məktəbim adından çıxış etməyim mənə sözlə ifadə edilməz qürur hissi yaşatdı. Hətta həyatımda indiyədək yaşadığım ən həyəcanlı an deyə bilərəm. Bu hadisədən sonra bir daha BANM-ə qəbul olmağımın nə qədər doğru bir seçim olduğunu anladım.

-Sizi tanımayanlar üçün ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Mahirə Əsədzadə kimdir?

- Mən, Əsədzadə Mahirə 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə almışam, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib, Fəxri fərmanla təltif olunmuşam. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmuşam.

-Mahirə çıxışın zamanı söyləmişdin ki, uşaqlıqdan ən böyük arzun neftçi olmaq və SOCAR ailəsinə qoşulmaq olub. Bu arzuyla yaşayan minlərlə gənc var. Bəs bu arzuya nail ola bilmək üçün hansı addımları atmaq lazımdı?

- Bəli, çoxlarımız elə uşaqlıq arzularımızın arxasınca gedirik. Düşünürəm neftçi olmaq, peşəkar neft mühəndisi olmaq istəyən bir gənc ilk növbədə ali məktəb seçimini düzgün etməlidir. Çünki hər şey ordan başlayır. Məsələn, BANM mənim hərtərəfli mühəndis kimi yetişməyimi təmin edir. Çünki biz təhsillə bərabər, həm də istehsalatın içindəyik.

-Seçimin niyə məhz Bakı Ali Neft Məktəbi olub, buranı fərqləndirən sənin üçün nədir?

- Bakı Ali Neft Məktəbinin tələbələri qarşısında açdığı imkanlar tamam başqadır. Eyni zamanda burada dərslərin xarici dildə tədris olunması, ödənişsiz təhsilin olması, nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı təcrübə və praktikaların çoxluğu, xarici ölkələrdə təhsil imkanının yaradılması, transmilli şirkətlərlə əməkdaşlıq - bunların hamısı birlikdə məhz BANM-dədir.

 

-Səni həyatda ən çox motivasiya edən nədir?

- Məni daha çox ruhlandıran gördüyüm işin nəticəsidir. Proses uzun müddət davam etsə də, əldə edəcəyim uğur, işin nəticəsi mənə ruh yüksəkliyi bəxş edə bilər.

 

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Ali məktəblərə seçim qarşısında olan tələbələrə demək istəyirəm ki, özünüzü görmək istədiyiniz yerə uyğun ixtisaslaşmış, tələbələrə daha çox karyera imkanları tanıdan, 4-5 ilin sonunda sadəcə diplom kağızı deyil, eyni zamanda çoxseçimli iş təklifləri ilə sizə imkanlar açacaq, zəngin bilik, bacarıq və təcrübə qazandıracaq bir təhsil ocağı seçin. Əgər peşəkar bir mühəndis olmaq istəyirsinizsə, əlbəttə ki, Bakı Ali Neft Məktəbi sizin ən uğurlu seçiminiz olardı.

0
XƏBƏR LENTİ