08:16 Bazar Ertəsi, 24 Sentyabr 2018
SAĞLAMLIQ

Qadınlar oxusun: Hər 5 qadından birinin xəstəliyi – VİDEO

14:27, 27.06.201822034
Qadınlar oxusun: Hər 5 qadından birinin xəstəliyi – VİDEO
"Sağlam Ayaq” Mərkəzinin rəhbəri, "Ankara Klinikası”nın baş həkimi, İnvaziv Ağrı Mütəxəssisi və Fleboloq Dr. Zülfüqar Yusifovun KLİNİK.AZ-a müsahibəsi

– Son dövrlər varikoz xəstəliyindən əziyyət çəkən insanların sayı sürətlə artır. Xüsusən xanımların "qorxulu röyası”na çevrilən varikoz nədən yaranır?

– Varikoz xəstəliyi hazırda çox geniş yayılmış xəstəliklərdən biridir. Xəstəliyin mahiyyəti ondan ibarətdir ki, venada qan venoz damarlar vasitəsilə ürəyə doğru hərəkət edir və bunun geriyə qayıtmasını əngəlləyən xüsusi qapaqlar var. Müxtəlif səbəblərdən bu qapaqlar düzgün çalışmadıqda, damarlarda genişlənmə olduqda və yaxud bu iki faktorun ikisi də ortada olduqda qan damarlarda geri qayıtmağa, aşağı ətraflara doğru hərəkət etməyə başlayır. Nəticədə şişkinlik ortaya çıxır. Şişkinlə yanaşı damar divarlarında təzyiqin artması müəyyən ağrılara gətirib çıxarır. Qanın müəyyən elementlərinin toxumalara sızmasına və bunun fonunda iltihabi prosesin meydana çıxmasına, qaşınmalara, qıcolmalara, gecələr yatarkən ayaqların narahat olmasına səbəb olur. Ümumi statistika onu deməyə əsas verir ki, qadınlarla kişilər arasında xəstəliyə rast gəlmə tezliyi arasında xüsusi fərq yoxdur. Varikoz həm də estetik görünüşü pozur və bu səbəbdən xanımlar bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Eyni zamanda hamiləlik zamanı varikoz riskinin olması, orqanizmdə gedən hormonal pozğunluqlar və digər amillər qadınlarda varikozla bağlı narahatlıqları xüsusi artırır.

– Varikoz xəstəliyinin müalicəsi hansı üsullarla həyata keçirilir və Avropa protokolları bu məsələdə hansı yanaşmanı təklif edir?

– Varikoz xəstəliyi müalicəyə tabe olmaq baxımından digər xəstəliklərlə müqayisədə ön yerlərdən birini tutur. Çünki müasir tibb bu xəstəliyin müalicəsinin 95-96 faizini ortaya qoyub. Məlumat üçün deyim ki, tibbdə müalicə baxımından yüksək nəticələr əldə etmək çətindir və bir çox xroniki xəstəliklərdə müalicənin effektivlik faizi 40-70 arasında variasiya edir. Yəni hazırda varikoz xəstəliyindən düzgün müalicə yolu ilə tam sağalmaq mümkündür. Varikoz xəstəliyinin müalicəsində "XXI əsrin qızıl standartı” endovenoz üsullar, skleroterapiya və mini flebektomiya metodlarıdır. Endovenoz üsullar sırasından radio ablasiyasını və lazerlə müalicəni göstərmək olar. Eyni zamanda skleroterapiyanın müxtəlif metodlarını da bu sırada qeyd etmək olar. Bu müalicə metodlarının əsas üstünlüyü ondan ibarətdir ki, müalicə əməliyyatsız icra olunur, xəstə narkoz almır, kəsiklərə məruz qalmır, qanaxma riski yoxdur, heç bir yataq rejimi olmur və birbaşa prosedurdan dərhal sonra öz gündəlik həyatına geri dönür. Nəzərə alanda ki, işdən ayrıla bilməmək və vaxt qıtlığı bu gün aktualdır, bu baxımdan varikozun qeyd olunan metodlarla müalicəsi xəstələrə əlavə üstünlük kimi qiymətləndirilir. Hazırda bizim "Sağlam Ayaq” Mərkəzində bu işlər qrup şəklində həyata keçirilir. Bu qrupda həm ağrı mütəxəssisləri, həm fleboloqlar, həm də radioloqlar iştirak edir. "Düzgün diaqnoz müalicənin yarısıdır” fəlsəfəsini əsas götürsək, qrup şəklində müalicə prosesində iştirak həm müalicənin keyfiyyətli, həm də ağrısız aparılmasına öz tövhəsini verir. Bildiyiniz kimi, bu proses ultrasəs nəzarəti altında aparılır. Ultrasəs imkanlarımızın dərin olması, ən xırda nasazlıqların tapılaraq aradan qaldırılması, müalicədən sonra xəstənin davamlı olaraq nəzarətə götürülməsi, xəstənin təkrar ultrasəs nəzarətinə alınması, çatışmazlıqların ortadan qaldırılması "Sağlam Ayaq” Mərkəzinin əsas üstünlüyüdür. Biz müalicə prosesində ən müasir avadanlıqlardan istifadə edirik.

– Bildiyimizə görə, müxtəlif beynəlxalq təşkilatların üzvüsünüz. Bu barədə bir qədər məlumat verərdiniz…

– Son illərdə dünyada bir fleboloji bum başlayıb. Təbii ki, bu proses Azərbaycandan da yan keçməyib. 10 il əvvəl endovenoz problemlərlə məşğul olan mütəxəssislərin sayı tək-tək idisə, hazırda bu istiqamətdə çalışan kifayət qədər həkimlərimiz var. Bu çox sevindirici haldır. Çünki nə qədər bu sahədə çalışan peşəkarlar varsa, demək əhali arasında bu sahəyə maraq artacaq və nəticədə cəmiyyətdə bir maarifləndirmə işi həyata keçiriləcək. Hazırda bir sıra beynəlxalq təşkilatlarda təmsil olunuram. Amerika Fleboloji Konqresinin üzvüyəm, fleboloji problemlərlə məşğul olan daha bir beynəlxalq təşkilatının üzvüyəm, eyni zamanda yanaşı olaraq dünya miqyaslı ağrı təşkilatların üzvüyəm.

– Ağrıdan söz düşmüşkən, bildiyimiz qədər həm də İnvaziv Ağrı mütəxəssisisiniz…

– Ağrı sahəsi dünyada yeni sahələrdən biridir. Ağri təbabəti olaraq Rusiyada, Türkiyədə alqologiya olaraq adlandırılır. Bu sahənin fəaliyyət istiqaməti bədənin müxtəlif yerlərində olan ağrıları müəyyən girişimlər vasitəsilə kəsməkdən ibarətdir. Həm damarlarda olan ağrıları, həm arterial, venoz, oynaq ağrılarını ultrasəs və floroksop altında müxtəlif prosedurlar həyata keçirərək aradan qaldırırıq. Cəmiyyətdə ən çox yayılmış onurğa, boyun, bel və baş ağrılarını müalicə edirik. Müasir metodikaların köməkliyi ilə biz bu problemləri ortadan qaldırırıq.

– Cəmiyyət üçün çox maraqlıdır: Doğrudanmı varikoz yalnız kök adamların xəstəliyidir?

– Heç şübhəsiz artıq çəki əksər xəstəliklər üçün risk faktorudur. Təkcə xəstəliklərin yaranmasında yox, həm də müalicəsinin çətinliyində artıq çəki problem sayılır. Bu baxımdan çəkinin normada olması olduqca vacibdir. Dayaq-hərəkət sisteminin xəstəlikləri, hazırda cəmiyyətdə çox yayılmış şəkər xəstəliyi, hipertoniya kimi ağır xəstəliklərin yaranmasında da artıq çəki öz sözünü deyir. Varikoz xəstəliyinin yaranmasında da artıq çəki faktoru rol oynayır. Lakin birmənalı şəkildə demək olmaz ki, yalnız kök adamlarda varikoz meydana gəlir.
 

Əlaqə telefonu: (077) 632-07-57

 

XƏBƏR LENTİ