18:53 çərşənbə Axşamı, 19 Mart 2019
SİYASƏT

Qaloşun cırıq tayı

12:55, 04.01.20194279
Qaloşun cırıq tayı
 
Taleh Şahsuvarlı 
 
Mehman Əliyev "Turan" agentliyini hansı pulla qurubmuş?

Noyabrdan bəri onlarla insan həlak olub.

5 min civarında şəxs həbsxanalara atılıb.

300-dən çox yolu kəsmiş üsyançıların əlindən qos-qoca Versal Sarayının qapılarını belə, bağlamaq qərarına gəlmişdi hökumət.

"Sarı jiletlilər” hərəkatı Fransanı çalxalayır, sadəcə, Fransanın altını-üstünə çevirməklə qalmayıb, digər Avropa ölkələrinə də sıçrayır.

Polis dəyənəklərlə, su şırnaqları ilə, silahla çıxır kütlənin qarşısına, zopalayır, təpikləyir, atəş açır, etirazçıların baş-gözünü dağıdıb zindana atır.

Mehman Əliyev isə BBC-yə müsahibə verir, öz aləmində Azərbaycan prezidenti İlham Əliyevin 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibəti ilə verdiyi bayram mesajında "səhv tutaraq" soruşur: "Avropada gərginlikmi var?”


Ötən ilin avqustunda Almaniyanın Çemnitz şəhərində "Hitler salamı” ilə küçələrə axışanların etirazı irqçi nümayişlərə döndü. Polis hərəkətə keçdi, prokurorluq cinayət işi açdı. Həmin ölkənin Saksoniya əyalətində sağçılarla solçuların qarşı-qarşıya gəlməsi kütləvi iğtişaşlara çevrildi. İki qrup arasındakı qovğada yaralananlar oldu. Avropanın göbəyində faşizm yüksəlir, irqçilik şiddətlənir, Almaniya özü də daxil olmaqla, hər kəs bu tendensiyadan əndişələnir...

Ya "Breksit” adlanan proses? Gərginlik deyilmi? Qarşıdurma sayılmazmı?

Bu il mart ayının 29-da, günün tamamına bir saat qalmış Böyük Britaniya rəsmən Avropa Birliyindən ayrılacaq. Avropa Birliyində "Ayrılıq Departamenti” də qurulub, ittifaqdan çıxış referendumundan sonra İngiltərə vətəndaşlarının illik gəliri ortalama 400 funt-sterlinq azalıb, hər sahədə kataklizmlər meydana çıxıb...
 

 

Ukraynada rəsmən bir aylıq fövqəladə vəziyyət elan edilmişdi, rəsmi Kiyev Kremllə savaş vəziyyətindədir. Ölkənin üzləşdiyi böhran, yalnız Kerç boğazı ilə bağlı deyil, hər sahədə özünü biruzə verir. "Bloomberg” tərəfindən hələ yayda xəbərdarlıq olunmuş, Ukrayna Milli Bankının rəhbəri Dmitri Soloqub son dörd ildə maliyyə rezervlərinin əriyərək dibə endiyini etiraf etmişdi. Ukrayna Milli Bankı qapı-qapı düşüb pul axtarır, maliyyə soraqlayır, ancaq bu "iqtisadi sabitlik və inkişaf göstəricisi” sayılır, eləmi?

Mehman Əliyev soruşur: "Ermənistanın özünü götürək, orada hansı qeyri-stabillik var?”

Küçənin təzyiqi ilə İrəvanda iqtidar dəyişib, oxlokratik hakimiyyət qurulub, Nikol Paşinyan əvvəlki hakim elitada yer almış fiqurları məhkəməyə çəkdirir, həbsxanalara atdırır...

 

 


 

 

Sadəcə, rusca "Дестабилизация в Армении” ifadəsini "Google” vasitəsi ilə axtarışa verəndə, təxminən, 600 min məlumat çıxır üzə. Ermənistandakı destabil vəziyyət barədə ciddi politoloqlar, iqtisadçılar, beynəlxalq araşdırma mərkəzləri fikir yürüdür. Ancaq kimə deyəsən?

Bütün bu məlumat və rəylər o kəs üçün önəm daşıya bilər ki, müəyyən savada, intellektə malik olsun, ən azından, işlənən terminlərin mənasını bilsin, bunun üçün siyasi nəzəriyyələri, elmi araşdırmaları oxusun. Məsələn, mən əmin deyiləm ki, Mehman Əliyev "siyasi sabitlik” anlayışı ilə bağlı Tolkott Parsonsun, Devid İstonun, Qabriel Almondun, Qaetano Moskanın hansısa kitabını oxuyub, hətta böyük ehtimalla, onların adını ilk dəfə bu yazıda görmüş olacaq. Mixail Anoxin, Aleksandr Loqinov, Sergey Savin kimi müəlliflərin adlarının da onun hafizəsinə yad olduğunu təxmin etmək çətin deyil. Əks halda, (məsələn Seymur Martin Lipsetdən heç olmasa, bir-iki səhifə vərəqləmiş olsaydı) anlayardı ki, istər adını çəkdiyi Asiya ölkələri kimi cəmiyyətlərdə, istər Azərbaycan kimi demokratik keçid yaşayan və modernləşmə yolunu tutmuş dövlətlərdə, istərsə də inkişaf etmiş ölkələrdə siyasi sabitlik elita-kütlə münasibətlərinin strukturundan asılıdır və yerli şəraitdə bu struktur "Azərbaycanda iqtidar-xalq birliyi haradadır” sualını səsləndirən birini, ən yaxşı halda, intellektdən xali primitiv boşboğaz vəziyyətində qoyur. Necə ki, bir neçə il bundan öncə - 2014-cü ildə ASAN xidmətin USAİD-in layihəsi olduğunu söyləmiş, daha sonra həmin qurumdan aldığı sərt cavab qarşısında sözlərinin "Azadlıq” qəzetində təhrifə məruz qaldığını iddia edərək valı dəyişmişdi...

Bəli, məhz bu primitiv boşboğaz illərdir Azərbaycan müxalifətinin onu prezidentliyə vahid namizəd göstərəcəyi günü gözləyir, bunun üçün açıq eyhamlar vurur, son açıqlamalarından isə bəlli olur ki, özünü bir növ "Azərbaycanın Paşinyanı” hesab edir. Nikol Paşinyanla Mehman Əliyevi birləşdirən ümumi göstərici isə, əslində, jurnalist fəaliyyəti deyil, hər ikisinin "küçə adamı” olması, "küçə tərbiyəsi” daşımasıdır.
 

 

Əlbəttə, özü bununla razılaşmaya, özünü "Azərbaycan mediasının zirvəsindəki isim" statusunda görə bilər. Ancaq gəlin görək, Azərbaycan prezidentinin açıqlamasında səsləndirdiyi tezislərin yanlış olduğunu sübut etməyə çalışan Mehman Əliyev kimdir və 1990-cı illərdən bəri Azərbaycan jurnalistikasına Qərbdən verilmiş maddi dəstəyi şəxsi mənafelərinə yönəltməkdən savayı nə iş görüb milli mətbuatımız üçün?

Mehman Əliyevin Soros fondunun Azərbaycan filialına rəhbərlik etməsini, ən müxtəlif beynəlxalq donorlardan milyonlarla vəsait almasını, həmin vəsaitin hara xərclənməsi barədə nə dövlətə, nə də cəmiyyətə ağlabatan bir hesabat verə bilməməsini qoyaq bir qırağa. Heç 2000-2010-cu illərdə Qərb donorlarının Azərbaycan mediasına ayırdığı 150 milyon dollar civarındakı yardımın - bu rəqəmi məhz özü səsləndirib - pay-püş edilməsində onun fəal iştirakına da toxunmayaq. Bu barədə dəfələrlə suallar səsləndirilib. Yağlı əppək olub ərşə çəkilmiş ictimai vəsaitin necə və hara xərclənməsi barədə cəmiyyətə izahat vermək əvəzinə, nala-mıxa vurub. Mehman Əliyevin başçılıq etdiyi "Turan” İnformasiya Agentliyi 2011-ci ildə NED təşkilatından müstəqil internet qəzet açılması üçün 50.400 dollar məbləğində vəsait alıb. Mehman Əliyev nə zaman internet qəzet açdı, biz oxumadıq?

 

Hazırda "Turan” agentliyi öz boyat xəbərlərini iki sayt vasitəsi ilə yayır. Onlardan biri agentliyin rəsmi onlayn versiyası, digəri isə onun "copy-paste” variantıdır. 2010-2012-ci illərdə yaranmış xeyli xəbər portalı göstərmək olar ki, (məsələn, Qafqazinfo.az) onların heç biri fəaliyyətə 50 min, hətta 10 min dollar məbləğində ilkin sərmayə ilə başlamayıb. Bax, budur, Mehman Əliyevin bir jurnalist və media qurumu rəhbəri kimi qabiliyyəti, istedadı, menecerlik bacarığı...

Söhbət jurnalistikadan yox, siyasi yengəlikdən getsəydi, onu bu sahədə qabiliyyətli və istedadlı şəxs saymaq olardı. Bir zamanlar AXCP rəhbərləri ilə mövcud iqtidar arasındakı sövdələşmələrdə oynadığı rola görə! Əgər bu gün Azərbaycan müxalifətinin bir qismi AXCP-ni bir zamanlar iqtidarla qərargah və mandat sövdələşmələrinə getdiyinə görə topa tutur, bunu "satqınlıq” olaraq qiymətləndirirsə, bu satqınlığın pərdəarxası fiqurlarından biri, məhz Mehman Əliyevdir. Lakin Xədicə İsmayılova - radikal müxalifətin başqa bir "təmizlik və ismət mücəssəməsi” Mehman Əliyevi təkcə buna görə ABŞ-a "satqın” kimi təqdim etməmişdi. 2014-cü ildə mətbuata sızan bilgilərə görə, İsmayılova İçərişəhərdəki tarixi "Cümə məscidi" yaxınlığındakı "Artgarden” adlı restoranda öz amerikan dostlarına Mehman Əliyevin Babək Muradov adlı bir sahibkar vasitəsi ilə keçmiş MTN-ə "suka”lıq etdiyini açıqlamışdı. O vaxt hələ MTN ləğv olunmamışdı və Azərbaycanın bu xüsusi xidmət orqanına Eldar Mahmudov rəhbərlik edir, Akif Çovdarovun qılıncının qəbzəsi də kəsirdi...

 

Mehman Əliyev, haqqında yayıılmış bu xəbərə reaksiyasında Babək Muradovu tanıdığını danmadı, təkzib verərkən belə bir cümlə də işlətdi:
 
"Mənə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Analitik İdarəsinin rəisi vəzifəsi təklif olunub. Bu, general vəzifəsidir. Ancaq mən bu vəzifədən imtina etdim”.

Məsələ nə təklifdədir, nə təkzibdə. Məsələ ondadır ki, "bir xüsusi xidmət qurumunun analitik şöbəsinə həmin qurumla rəsmi əməkdaşlıq etməmiş şəxs birdən-birə rəis gətirilə bilərmi” sualına hazırda ehtiyatda və media üçün əlçatan olan zabitlər birmənalı şəkildə "yox” cavabı verirlər...

Bu barədə nəticə çıxarmağı analitik düşüncəli oxucuların öz öhdəsinə buraxaq və qayıdaq illər öncəyə.

2009-cu ildə Azərbaycanda "Ziyalılar Forumu” adı verilən qondarma bir qurum yaradıldı. Həmin qurumda Rüstəm İbrahimbəyovun başına toplaşan və onu Azərbaycan cəmiyyətinə "prezidentliyə namizəd” kimi sırımaq istəyənlərdən biri də Mehman Əliyev idi. Məlumunuzdur, bir qədər sonra - 2013-cü ildə Rüstəm İbrahimbəyov, doğrudan da, prezidentliyə namizəd olmaq istədi - Rusiyanın layihəsi kimi formatlanan Milli Şuranın sədri statusunda. Sözdə "qərbpərəst", "sorosçu" Mehman Əliyev isə onun PR katibinə çevrildi.

"Milyarderlər ittifaqı”nının sözçüsüsün sözçüsü, Milli Şuranın prezidentliyə namizədinin ehtiyat namizədi həmin ilin iyulun 31-də, necə deyərlər, qartını-qurtunu qayırıb, hava limanında İbrahimbəyovu qarşılamağa gedəcəyini də açıqladı. Zira, Rüstəm gəlmədi. Mehman Əliyev Rusiyanın "Milli Şura” komandasının ehtiyat oyunçular skamyasından "özüm namizəd ola bilərəm” deyərək ayağa qalxsa da, məşqçilərindən meydana çıxmaq üçün razılıq ala bilmədi. Arada macal tapıb Rusiyanın dövlət başçısına məktub yazaraq Rüstəm İbrahimbəyovdan Azərbaycana prezident düzəldilməsinə yardım istədi. Son dəfə buna bənzər xahişlə 1920-ci ilin aprelində Azərbaycan İnqilab Komitəsinin üzvləri Rusiyaya ağız açmış və müstəqil Azərbaycan dövlətinin süqutuna zəmin yaradaraq Mixail Levandovskinin işğalçı ordusuna züy tutmuşdular. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bir zamanlar Azərbaycanın ötən əsrin 20-ci illərini əhatə edən tarixindən yazdığı kitaba "Ağ ləkələrin qara kölgəsi” adını qoymuşdu. Onun adayı olduğu təşkilat isə Mehman Əliyevin imzası ilə Azərbaycan tarixinə qara ləkələrin qara kölgəsini saldı... Bu kölgələrin gerçək kimliyinə və xislətinə isə Alan Dryunun "Kölgə adam” romanındakı detektiv Ben də məəttəl qalardı...

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Sahib Məmmədovu dinləyək, onun bir neçə il öncə verdiyi açıqlamaya nəzər salaq:

"Bu, o adamdır ki, vaxtı ilə mən Prezident Aparatında şöbə müdiri işləyəndə qəbul otağımda gəzirdi. Şəxsi firma təsis eləmişdi və guya Sumqayıtla bağlı film çəkəcəkdi. Mənə yalvarıb inandırmışdı ki, film çox vacibdir. Mən də Sumqayıt və daha 3 rayonun icra hakimiyyəti başçılarına həmin hesablara müəssisələrdən pul köçürülməsini tapşırmışdım. Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı”.

 

Sahib Məmmədovun açıqladığı faktdan çıxış etsək, hətta təmsil olunduğu hakimiyyətin, həmin hakimiyyətin aparıcı məmurlarının etibarından sui-istfadə edib, hesabına köçürülən pulları təyinatı üzrə istifadə etmək - Sumqayıt hadisələri ilə bağlı film çəkmək əvəzinə, özəl müəssisə açıb, agentlik qurub. Bir sözlə, indi adının arxasında gizləndiyi agentliyin mayasını belə, haramdan yoğurub.

O, anadan olanda Süleyman Rəhimovun "Mehman” povesti Azərbaycanda çox məşhur idi. Yəqin ona elə həmin povestin qəhrəmanının adını qoymuşdular ki, böyüyəndə prokuror və dürüst şəxsiyyət olsun. Adlar insanların xarakterinə ciddi təsir göstərir. Qoyulan ad ömür yolu ilə doğrula bilməyəndə isə emosional planda faciələr yaşanır.

 

Bəlkə də Mehman Əliyevi sağa-sola ittihamlar yağdırmağa sövq edən də elə psixologiyasının alt qatlarındakı müvafiq zədədir. Zədəli adamlar heç vaxt zadəgan ola bilmir, gec-tez, hansı sahədə çalışmalarından asılı olmayaraq, Qaloş (həmin povestdə: "Qaloşlu adam”) olduqlarını ortaya qoyurlar. Sadəcə, qaloşun bu tayı elə əvvəldən cırıq imiş...


XƏBƏR LENTİ