01:03 Cümə Axşamı, 13 Dekabr 2018
İDMAN

""Qarabağ"ın hədəfi düşüncələrimdən də yüksəkdə idi"

11:04, 05.01.2018783
Mən hər dəfə çağırışlara can atıram. "Qarabağ"ın hədəfi düşüncələrimdən də yüksəkdə idi.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Ruben Selles Danimarkanın "Orxus" komandasında eyni vəzifəyə keçidinin səbəbini açıqlayarkən deyib. 35 yaşlı mütəxəssis bildirib ki, Çempionlar Liqasında çıxış etmiş komandanı tərk etməsi yeni məqsədlər uğrunda mübarizə istəyindən irəli gəlib:

"İnsanların barəmdə nə düşündükləri və qərarımı anlayıb-anlamadıqları məni narahat etmir. Ola bilsin, onların Çempionlar Liqasından Danimarka komandasına gəlişimin səbəbini dərk etmələri çətindir. Lakin söhbət yalnız gündəlik işdən həzz alma hissindən gedir. "Orxus"da yeni məqsədlər üçün işə başlamaq imkanım oldu. Köməkçi-məşqçi işi xoşuma gəldiyindən, razılıq verdim".

Selles "Orxus"un hazırkı baş məşqçisi David Nilsenlə əvvəllər Norveç "Strömqodset"ində də birgə çalışıb. O, məhz Nilsenlə münasibətləri səbəbindən dəvəti qəbul etdiyini bildirib. İspaniyalı mütəxəssis Danimarka çempionatındakı azarkeş sayı ilə bağlı problemlərin Azərbaycan Premyer Liqasında da müşahidə olunduğunu söyləyib:

"Biz Azərbaycanda da "Sumqayıt", "Qəbələ", "Zirə" kimi komandalarla az tutumlu stadionlarda oynamışıq. Bütün rəqiblərimizə hörmət edirəm. Eynilə İspaniya "Atletiko"sundan sonra Danimarkada "Hobro" ilə üz-üzə gəlmək mümkündür. Təbii ki, Çempionlar Liqası ilə ölkə çempionatı bərabər səviyyəli deyil, oyunçular fərqlidirlər. Amma mənim üçün hazırlıq eynidir. Futbolda istənilən komanda ilə oyuna hazırlıq zamanı sakitliyi qorumaq, yüksək səviyyədə çalışmaq və sadəcə, işini görmək lazımdır. Əvvəllər sutkanın 24 saatını yalnız futbol barədə düşünür, bütün oyunlardan əvvəl əsəb keçirirdim. Yaşlı insan deyiləm, amma 10 ildir peşəkar futbolla məşğulam. Anladım ki, bu, vacib məsələ deyil. Hazırsınızsa, narahatlığa əsas yoxdur. Əsas məsələ hazırlaşmaq və inkişaf etməkdir".

Qeyd edək ki, Ruben Selles "Orxus"da köməkçi-məşqçi qismində 2017-ci il dekabrın 1-də təqdim olunub. Bu komanda Danimarka Super Liqasında 19 oyundan 19 xalla 11-ci pillədə qərarlaşıb.
XƏBƏR LENTİ