14:50 Bazar Günü, 21 Aprel 2019
SİYASƏT

Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”

16:02, 12.04.20192754
Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”
"Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən, saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”.

AZXEBER.COM-un xəbərinə görə, bu sözləri millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da "Sosial media: sosial tellər və ya insan haqlarına hədələr" mövzusundakı müzakirələrdə çıxışı zamanı deyib.

Qənirə Paşayeva Ermənistanı, erməni diasporu və lobbisini, eləcə də bəzi siyasi gücləri sosial media vasitəsilə Azərbaycan əleyhinə yalanlar yaymaqda ittiham edib, bu dezinformasiyaların əksəriyyətinin məqsədli olaraq yayıldığını bildirib: "Ermənistan başda olmaqla bəzi ölkələrin, bir sıra siyasi güclərin, erməni diaspor və lobbisinin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir”.

Millət vəkili çıxışında sosial medianın cəmiyyətlərə verdiyi müsbət töhfələrin önəminə də toxunub. Ancaq o, qeyd edib ki, sosial mediadan sui-istifadə halları kiber-təqib, nifrət nitqi, zorakılıq və diskriminasiyaya təhrik kimi ziyanlı fəsadlara yol aça bilir: "Bu gün söz azadlığı adı altında saxta informasiyalar yayanların sayı artır. Bu çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bununla bağlı beynəlxalq təşəbbüsləri daim dəstəkləyir”.

Qənirə Paşayeva qeyd edib ki, sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir: "Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycanda "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və özəlliklə gənc nəsillərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsi, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin artmasına ciddi ehtiyac var”.
XƏBƏR LENTİ