03:20 Bazar Günü, 22 Aprel 2018
SOSİAL

Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb

10:34, 17.03.20181094
Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb
Millət vəkili Q.Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə ilk öncə onlara Azərbaycanla bağlı geniş məlumatlar verib
 
Azərbaycanın iqtisadi və turizm potensialı barədə də geniş fikirlərini bölüşən millət vəkili Q. Paşayeva Türkiyənin fəal iş qadınlarını Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çağırıb və bunun üçün böyük potensial olduğunu bildirib.  Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini  deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində  qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar bu məsələlərə laqeyd,  seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.
 
Millət vəkili Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır. 
 
"Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram-Türk dünyasının birlikdə gələcək modeli  daha çox analarımızın əlindədir”- deyə millət vəkili bildirib. Millət vəkili Q.Paşayeva bildirib ki, hər iki qardaş ölkənin fəal qadınları, təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsi, ortaq layihələrin artması çox vacibdir və iş qadınları bu istiqamətdə fəallığını daha da artırmalıdırlar. Görüş zamanı millət vəkili Q.Paşayeva iş qadınlarını maraqlandıran sualları da cavablandırıb və onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib və onlarla Azərbaycan qadınları arasında əməkdaşlığın genişlənəcəyinə inandığını deyib.
 
Millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətlətinin inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdikərini deyən iş qadınları ona Türkiyə bayrağını təqdim ediblər. "Hər iki dövlətimizin bayrağı bizim bayrağımızdır və bizim üçün müqəddəsdir”, – deyən millət vəkili bayrağı öpərək belə anlamlı hədiyyə üçün təşəkkürünü  bildirib.      
0
XƏBƏR LENTİ