01:11 Bazar Günü, 08 Dekabr 2019
MƏDƏNİYYƏT

Qəşəm Nəcəfzadə: ""Facebook" yazarlarımıza mane olan bir şeydir" - Müsahibə

14:51, 18.03.20192496
Qəşəm Nəcəfzadə:
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda dördüncü "Gənc Ədiblər Məktəbi"nin növbəti toplantısı keçirilib.
 
Gənc ədiblərin bu dəfəki qonağı Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair və publisist Qəşəm Nəcəfzadə olub. Şair, gənclərin yaradıcılığı ilə yaxından tanış olaraq öz irad və təkliflərini bildirib. Toplantıda gənc ədiblərlə birlikdə dəyirmi masa arxasında maraqlı debat yaranıb.

Tədbirdən sonra Qəşəm Nəcəfzadə AZXEBER.COM-un əməkdaşına müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Gənc ədiblərimizin fəaliyyətindən məmnun qaldınızmı?
- Əlbəttə, mən bayaq dedim ki, onların şeirlərində, yazılarında humanist təsvirlər olsun. Elə fikirlər, ifadələr var ki, onların təcrübələri, mütaliələri çatmır ki, onu işləsinlər, hazırlasınlar amma təbiiliyi mənim çox xoşuma gəldi. Bu baxımdan onların fəallığından və ədəbiyyata sevgisindən çox razı qaldım.
 
- Gənclər söz düşmüşkən. Sizcə nəyə görə sosial şəbəkələrdə ziyalılar çox vaxt məhz gənclər tərəfindən tənqid olunur? Sizcə buna səbəb nədir?

- Bunu demokratiya və ya söz azadlığı adlandırırlar,  mən bu fikirlə razı deyiləm. Amma elə ziyalı da var ki, onlar tənqid olunmalıdır. Əsaslı tənqiddən  qorxmamaq lazımdır. Səni tənqid edirlərsə,  sən də cavab ver. Yəni,  ziyalı açıq olmalıdır. Əgər təhqir olunursa, mən təhqirə qarşyam. Nəinki ziyalı heç kəsin qarşındakını təhqir etməyə haqqı yoxdur!
 
- Sizcə yazarlarımızın tam azad şəkildə fikirlərini, düşüncələrini ifadə edə bilməsi üçün cəmiyyətimizdə yetərincə şərait varmı?
- Əlbəttə,  var. Hər kəs sosial şəbəkələrdə nə istəyirlər deyirlər,  nə istəyirlər yazırlar. Bunun özü də azadlıqdır. Sosial şəbəkənin özü də böyük bir mətbuatdır. Hamı istədiyi rəyini yazır. Elə qəzetlər var ki, heç oxunmur amma sosial şəbəkədə bir yazı paylaşırsan minlərlə insan oxuyur. Bu baxımdan deyə bilərəm ki, yazaralara şərait var və bu özü-özünə yaradılıb.
 
- Ədəbi mətnlərimizin "facebook"  statusuna çevrilməsinə necə yanaşırsınız?
- O yazıçını, şairi öldürən şeydir. Öz enerjilərini statusa sərf edib orda görürlər ki, like, bəyənmə gəlir bundan da yazıya olan ehtiras sönür. Amma əslində o gözəl bir əsər ola bilərdi. Bax bu tərəfdən "facebook" yazarlarımıza mane olan bir şeydir.
 
- Sizcə hazırda ədəbiyyatımızda olan ən böyük problem nədir?
- Ən böyük problem bir-birini təkrar etməkdir. Məsələn, bir oyun havasına yüz adam oynayır amma ortada bir üslub var. Hərənin öz üslubunu tapa bilməməsi bu ədəbiyyatın ən böyük bəlasıdır, ən böyük problemidir.
 
- Gələcəkdə gənc yazarlarımızın bu sahədə böyük uğurlar qazanacağına inanırsınızmı?
- Əlbəttə. Onlar Azərbaycanımızın ən böyük şairi olacaqlar,  mən buna inanıram. Sadəcə olaraq, biz böyük şair sözünə inanmırıq elə bilirik ki, şair hardansa gəlməlidir, ordeni,  medalı olmalıdır. Ancaq şair küçədə də yeriyə bilər, adi bir problemlə də üzləşə bilər, kasıb da ola bilər,  avtobusa da minə bilər. Biz elə dahini göydə axtarırıq,  amma səninlə irəliləyən adam elə dahidir.
 
Tahirə Nur
AZXEBER.COM
XƏBƏR LENTİ