16:04 çərşənbə, 21 Noyabr 2018
SİYASƏT

“Reqnum” Putinin Bakıya gözlənilən səfərindən yazıb - ŞƏRH

14:30, 12.09.20182500
“Reqnum” Putinin Bakıya gözlənilən səfərindən yazıb - ŞƏRH

"Rusiya-Azərbaycan arasındakı dialoq mühiti intensivləşib”

Rusiyanın "Reqnum” agentliyində prezident Vladimir Putinin Bakıya gözlənilən səfəri barədə məqalə dərc edilib. Agentlik belə bir sualla çıxış edir – nəyə görə Putin Azərbaycana gedir, hansı ki, bir neçə gün öncə o, azərbaycanlı həmkarı, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevlə görüş keçirmişdi?

Onu da qeyd edək ki, Rusiyanın "Reqnum” agentliyi sistemli olaraq və məqsədli şəkildə Azərbaycanın ünvanına kəskin çıxışları ilə seçilən media orqanıdır. Bu baxımdan, adıçəkilən agentliyin sözügedən mövzuya maraq göstərməsi istər-istəməz diqqət cəlb edir.

"Kalaşnikov bəyan edib ki, Putinin Bakıya səfəri zamanı prezidentlər Soçidəki danışıqlarda razılaşdırılmış, eləcə də razılaşdırılmamış məsələləri də müzakirə edəcəklər”

SİA-nın məlumatına görə, sözügedən media qurumunun siyasi şərhçisi Stanislav Tarasov məqaləsində qeyd edir ki, bu günlərdə Rusiya dumasının MDB ilə iş üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov xəbər verib ki, Rusiyanın prezidenti Vladimir Putin sentyabrın 25-də Bakıya səfər edəcək: "Bu informasiyanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uakov da təsdiq edib. Putin sentyabrın 1-də həmkarı İlham Əliyevlə Soçidə danışıqlar aparıb. Tərəflər iqtisadi və siyasi xarakterli 17 sənəd imzalayıblar, 2024-cü ilə qədər fəaliyyət planını və əməkdaşlığın inkişafı istiqamətində "yol xəritəsi” üzrə beş memorandum qəbul ediblər, mühüm problemləri müzakirə edərək, iki ölkə arasındakı münasibətlərin inkişafı barədə söhbət aparıblar, eləcə də regional və beynəlxalq situasiya ətrafında fikirlərini bölüşüblər.

Bundan əlavə, Kalaşnikov bəyan edib ki, Putinin Bakıya səfəri zamanı prezidentlər Soçidəki danışıqlarda razılaşdırılmış, eləcə də razılaşdırılmamış məsələləri də müzakirə edəcəklər. Düzdür, hansı məsələlərin müzakirə ediləcəyi barədə dəqiq məlumatlar verilməsə də, onların mövcudluğu göstərir ki, Rusiya-Azərbaycan arasındakı dialoq mühiti intensivləşib və xüsusilə hərbi-texniki əməkdaşlıq, energetika və çox yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli əsas olaraq götürülüb”.

"Cari ilin sonuna qədər Rusiyada İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçirilə bilər ki, bu görüşdə bir çox məsələlər müəyyənləşdiriləcək”

"Reqnum”un siyasi şərhçisi digər məsələlər barədə də təhlilini apararaq yazır ki, qonşu Yaxın Şərqdə, bütövlükdə isə Suriyadakı və İrandakı çətin proseslər nəzərə alınarsa, regional təhlükəsizlik sistemini təmin edəcək problemlər də mövcuddur. Stanislav Tarasovun fikrincə, hər kəs anlayır ki, İrandakı istənilən destabilizə vəziyyət ilk növbədə və obyektiv şəkildə Azərbaycan da daxil olmaqla, bütün zaqafqaziya məkanına xaos proyeksiyasında təsir göstərə bilər: "Başqa tərəfdən, əgər Bakı regiondakı neqativ proseslərin qarşısını minimallaşdırmağa səy göstərəcəksə, bu zaman inkişaf cəhətdən real dayaq mərkəzi rolunu oynaya bilər. Nəticədə, geniş geopolitik məkan kontekstində Dağlıq Qarabağ faktorunu qiymətləndirməmək olmaz. Ona görə də Rusiya-Azərbaycan arasındakı fəal dialoq, Tehranın şimalda "qaynar nöqtənin” olmasını istəməməsi "qaynar ssenari” baxımından, bu istiqamətdə baş verən hadisələrin inkişafının qarşısını ala bilər. Eyni zamanda cari ilin sonuna qədər Rusiya İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçirilə bilər ki, bu görüşdə bir çox məsələlər müəyyənləşdiriləcək”.

Müəllif rəsmi Ankaranın da cərəyan edən olayları diqqətlə izlədiyini yazır və Moskva-Bakı danışıqlarını maraqla izləyir. Eyni zamanda xatırladılır ki, sentyabrın 15-də Bakının işğaldan azad olunmasına həsr ediləcək hərbi parad keçiriləcək, eləcə də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə iştirak edəcək. Həmçinin, o da qeyd olunur ki, Ərdoğan sonuncu dəfə Bakını iyulda ziyarət edib.

Beləliklə, Rusiya mətbuatının Vladimir Putinin gözlənilən Bakı səfərinə marağı artmaqda davam edir, hətta "Reqnum” kimi münasibəti bəlli olan agentlik də bu məsələyə obyektiv yanaşma edərək, Rusiya-Azərbaycan münasibətlərinin inkişafının, münbit dialoq mühitinin istər regiona, istərsə də beynəlxalq aləmə səmərə verəcəyini bildirir.

XƏBƏR LENTİ