05:27 Bazar Ertəsi, 26 Avqust 2019
İDMAN

Roberto Bordin: Çalışacağıq ki, əvvəldən sonadək aqressiv oynayaq

22:16, 17.07.20194911
Roberto Bordin: Çalışacağıq ki, əvvəldən sonadək aqressiv oynayaq
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” (Moldova) oyunu öncəsi Bakı komandasının baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. 

Əvvəlcə Mahmudov oyun haqda fikirlərini bildirib: 

"Səfərdən 3:0 hesablı qələbə ilə dönmüşük. Buna baxmayaraq oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq. Moldovada "Saburtalo”ya 0:3 hesabı ilə uduzan "Şerif” dünən səfərdə ilk 10 dəqiqədə üç qol vurdu. Diqqətli olmalıyıq”.

Sonra söz italiyalı baş məşqçiyə verilib: 

"Sabah bizi çətin oyun gözləyir. Bu, futboldur. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır. Maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər”.

Roberto Bordinin KİV nümayəndələrinin suallarına cavabı belə olub: 

"Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Öz üzərində çalışır. Bu da yaxşı hazırlaşmasına səbəb olur. Ola bilər ki, sabah heyətdə onu da görəsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. 

Hazırda yalnız "Sperantsa” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqda da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diqtə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən, rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. 

Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq. Voyislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, komandamızda altı arxa xətt oyunçusu var. Bunların dördü mərkəz, ikisi cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mamadu Mbocla Kiril Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.

Konfransdan sonra "Neftçi”nin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.

Qeyd edək ki, "Neftçi” sabah saat 21:00-da "Bakcell Arena”da "Sperantsa” ilə cavab matçına çıxacaq.
///oxu.az
XƏBƏR LENTİ