00:30 Cümə, 15 Dekabr 2017
Maqazin

Ruhi qadın zorakılığı ilə bağlı tədbir keçirdi: “Şiddətə məruz qalmışam…”

15:07, 01.12.2017230
Ruhi qadın zorakılığı ilə bağlı tədbir keçirdi: “Şiddətə məruz qalmışam…”

Ötən gün Beynəlxalq Muğam Mərkəzində"Qadınlara qarşı zorakılıq gələcəyimizə qəsddir” mövzusunda tədbir keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə tanınmış sənətçilər, siyasi və ictimai xadimlər iştirak edib.

Mərasim Azərbaycan Dövlət Pantamimo Teatrının aktyorlarının "Kişi və qadın” adlı mini tamaşası ilə başlayıb.

Daha sonra Ruhi Əliyeva səhnəyə çıxaraq tədbir iştirakçılarını salamlayıb. Mərasimdə çıxış edən R.Əliyeva bildirib ki, aksiyanı keçirməkdə məqsədi qadınlara qarşı şiddətə diqqət çəkməkdir:

"Problemin böyük tarixi kökü var və son vaxtlar qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız bir şeyə çevrilib. Hər gün bununla bağlı mətbuatda, eləcə də cəmiyyətdə ən azı bir neçə xəbər eşidir, rast gəlirik. Dünyada baş verən siyasi, iqtisadı böhranlar, müharibə və lokal münaqişələr və s. hallar baş verdikdə, qadınlara qarşı zorakılıq xeyli artır. Məsələnin qloballığı nəzərə alınaraq BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabırı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib və hər il bu günlə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir.

Lakin məsələnin ciddiliyi nəzərə alınaraq bu istiqamətdə daha çox işlər görülməli, maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Eyni zamanda qanunvericilikdə zorakılıq hallarına yol verənlərə, qadın alveri ilə məşğul olanlara qarşı cəza tədbirləri daha da sərtləşdirilməlidir.

Bildiyiniz kimi bu gün ölkədə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yanaşı bir sıra Qeyri- Hökumət Təşkilatları da fəaliyyət göstərir. Mən də bir Azərbaycan qadını kimi bu istiqamətdə görülən işlərdə fəal iştirak etmək, zorakılığa məruz qalan qadınlara dəstək olmaq, onların reabilitasiyası və cəmiyyətdə öz yerlərini tapmaları ilə bağlı zorakılıq qurbanı olan qadınlar üçün öz vəsaitim hesabına sığınacaq yaratmaq istəyirəm. Güman edirəm ki, mənim bu təklifim və nəzərdə tutduğum işlər, qadın zorakılığına məruz qalan qadınlar üçün kifayət qədər fayda verəcək”.

R.Əliyeva qadına şiddətin dünyanın inkişaf etmiş dövlətlərində də rast gəlindiyini deyib:

"Çox təəssüflər olsun ki, bu hallar Azərbaycanda da baş verir və dövrün aktual mövzusuna çevrilib. Mən elə özüm də şiddətə məruz qalmışam. Düzdür, bu fiziki şiddət olmayıb, amma psixoloji basqılar çox olub. Lakin mən güclü qadın olduğum üçün hər şeyin öhdəsindən gəlib, dik ayaqüstə qala bilmişəm. Ancaq bunu hər qadın edə bilmir. Məhz elə bu səbəbdən onlara dəstək göstərmək vacibdir.

Qadınların öz həyat yoldaşları tərəfindən döyülməsi, onların məişət zəminində xəsarət görməsi, alver predmetinə çevrilməsi, öldürülməsi halları bu gün də var, təəssüf ki, artmaqdadır. Qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, xanımların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Daha çox az savadlı, öz hüquqlarını bilməyən, erkən yaşlarında ailə həyatı quran qadınlara qarşı bu zorakılıq halları baş verir, bunun da nəticəsində ailələr dağılır.

Son illərin statistikasına nəzər salsaq görərik ki, yaşanan məişət problemləri nəticəsində dağılan ailələrin də sayında artım var. Bundan da ən çox əzab çəkənlər ilk növbədə qadınlar və onların azyaşlı övladlarıdır. Heç kimə sirr deyil ki, ailəsi dağılmış insan, əsasən də qadın cəmiyyətdə birmənalı qarşılanmır. Bu neqativ hal uşaqların da sosial mövqeyinə, onların formalaşmasına mənfi təsir göstərir.

Sonda yanımızda olan, "Qadına qarşı zorkılıq gələcəyimizə qəsddir” adlı şuarımıza dəstək olan Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, sözügedən mövzuda kifayət qədər addımlar atan dövlət qurumunun nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bu addımımı dəstəkləyən Prezident Aparatı Administrasiyasına xüsusi təşəkkür edirəm. Səbail rayon İcra Hakimiyyətinə də minnətdaram. Daima yanımda olan Azərbaycan mətbuatına və sözsüz ki, yerli kanallarımıza çox təşəkkür edirəm. Ümumiyyətlə, yanımda hiss etdiyim, bu yöndə zəhmət çəkən hər kəsə var olun, deyirəm”.

Daha sonra Gəncə Dövlət Filarmoniyasının solistləri və direjoru, xalq artisti Samir Cəfərov və müğənni Elton Hüseynəliyev ifaları ilə tədbirə rəng qatıblar.







0
XƏBƏR LENTİ