xari

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edildi

KRİMİNAL
15:40 27.01.2021
345
Rusiya Federasiyasından 2 nəfər şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilmişdir.

Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynov Sadiq Telman oğlunun –2012-2013-cü illər ərzində Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq 2 şəxsi öldürməyə cəhd etməsinə, Şamaxı şəhərində oğurluq və xuliqanlıq cinayətlərini törətməsinə və həmçinin 26.03.2013-cü il tarixdə istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşya olan mobil telefondan istifadə etməsinə; Yasamal rayon Polis İdarəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Əhməd İbrahim oğlunun– 2014-cü il ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdir.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişlər.

OXŞAR XƏBƏRLƏR