07:33 çərşənbə, 26 Fevral 2020
Maqazin

Sezen Aksunun evinin qarşısında aksiya olacaq

23:27, 12.03.20122110
Sezen Aksunun evinin qarşısında aksiya olacaq

Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Türkiyənin tanınmış müğənnisi Sezen Aksunun Azərbaycanın qədim xalq mahnısı “Sarı gəlin”i erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirib.

MHA-dan verilən məlumata görə, bununla bağlı son günlər müxtəlif KİV-də müğənninin öz dilindən məlumatlar yayılıb: 

“Əlbəttə, Sezen Aksunun Azərbaycan xalq mahnısını erməni dilində ifa etməsi onun öz ixtiyarındadır. Lakin yayılan informasiyalardan çıxarılan nəticə bundan ibarətdir ki, türk millətini təmsil edən və özünü türk adlandıran Sezen Aksu “Sarı gəlin”i erməni xalq mahnısı kimi təqdim edəcək. Bu isə həm Türkiyə və Azərbaycan qanunlarına, həm də hər iki dövlətin üzv olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərinə ziddir”. Məlumatda deyilir ki, folklor nümunələrinin qorunmasına dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hələlik beynəlxalq hüquqi alət qəbul edilməyib. Bununla belə, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi qanun qəbul edib. Həmin qanuna əsasən, xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün MHA-dan icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir: “Hər bir azərbaycanlıya aydın olan “Sarı gəlin” mahnısının sözlərinin mənası erməni plagiatçılar üçün əlçatmaz olub. Erməni musiqisinin banisi S.Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olub. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”. MHA S. Aksuya Azərbaycan xalq mahnısı “Sarı gəlin”lə bağlı qeydləri bir daha oxumağı, bütün türk dünyası üçün son dərəcə həssas və incə bir məsələdə diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir. Sezen Aksuya etiraz olaraq, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) də martın 19-da saat 15:00-da müğənninin İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək. BDM və ASİM-DER həmçinin bu məsələ ilə bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi, biz diasporçuları da narahat edir. "Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırım və terror aktları həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirirlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. Təəssüflər olsun ki, Sezen Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını boykot etməyə çağırırıq. Biz Aksunu erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik", - bəyanatda deyilir.
XƏBƏR LENTİ