11:53 Bazar Günü, 18 Noyabr 2018
İQTİSADİYYAT

"SOCAR Turkey"in rəhbəri: “İnvestisiyalarımız Xüsusi Sənaye Zonası elan edilməklə mükafatlandırılıb”

18:10, 22.10.20181714
"Türkiyədə 10 ildir fasiləsiz davam edən investisiyalarımız Xüsusi Sənaye Zonası elan edilməklə mükafatlandırılıb”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – "SOCAR Turkey Enerji A. Ş.”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bağlı qeyd edib.

O bildirib ki, 2008-ci ildə özəlləşdirmədən "Petkim”i (51%) alaraq Türkiyə bazarına daxil olan SOCAR-ın indiyədək bu ölkəyə investisiyalarının məbləği 14,2 mlrd. dollar təşkil edir, layihələr tamamlandıqda bu rəqəm 19,5 mlrd. dollara çatacaq.

"Trans Anadolu Boru Kəmərindən (TANAP) başqa bütün layihələrimiz Əliağa (İzmir) ərazisindədir. Gələn il başlamağı planlaşdırdığımız yeni neft-kimya layihəmiz də bu ərazidə olacaq. Daha əvvəl STAR zavodu üçün ilk Strateji Təşviq Sənədi almışdıq. İndi də "SOCAR -ın layihələrinin yerləşdiyi ərazi ilə bağlı müraciətimizdən sonra ilk Xüsusi Sənaye Zonası ünvanını almaqdan çox məmnunuq. İndiyə qədər Türkiyədə nəhəng layihələrə imza atmışıq. Bundan sonra da Türkiyə və Azərbaycan iqtisadiyyatlarını inkişaf etdirmək üçün dayanmadan çalışacağıq. Biz Türkiyədə hökumətin də prioritet sahə olaraq müəyyənləşdirdiyi neft-kimya sektorunu əsas tutaraq böyük inteqrasiya halına gəlmək üçün işlərə başlamışıq”.

Onun sözlərinə görə, 6,3 mlrd. dollarlıq sərmayə ilə həyata keçirilən STAR zavodu neft-kimya-neft emalı inteqrasiyasının ölkədəki tək nümunəsidir. "SOCAR Turkey” rəhbəri şirkətin bütün investisiyalarını cari kəsirin bağlanmasına töhfə verəcək sahələrdə həyata keçirdiyini qeyd edib.

Qeyd edək ki, Xüsusi Sənaye Zonası SOCAR-ın Əliağadakı layihələrinin yerləşdiyi 1 453 hektarlıq ərazini əhatə edir. Əliağada yerləşən STAR zavodu, "Petkim” neft-kimya kompleksi, "Petlim” konteyner limanı, "Petkim” külək enerji stansiyası, SOCAR saxlama daxil olmaqla bütün layihələr Xüsusi Sənaye Zonası çərçivəsində veriləcək imtiyazlardan faydalana biləcək.
XƏBƏR LENTİ