09:24 şənbə, 16 Dekabr 2017
MEDİA

Tanınmış jurnalistin atasını öldürən şəxs özünü təqsirli bildi

15:49, 27.11.2017343
Tanınmış jurnalistin atasını öldürən şəxs özünü təqsirli bildi
Mərhum Əli Əliyevin ailəsi təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat iddia qaldırıb.

Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatət qaldırıb.

O, vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib, bu müddət ərzində təqsirləndirilən S.Qarayev azadlıqda olub: "Cinayət işinin materiallarından da göründüyü kimi, onun törətdiyi hadisə insan ölümü ilə nəticələnib. Bundan başqa, hadisə zamanı bir nəfər də ağır xəsarət alıb".

İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilib ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan GAC MİNİK markalı, 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbləri pozaraq piyadalar - Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda, idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər ikisini vurub. Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.


Eyni zamanda, digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişən sınığı, 12-ci döş fəqərəsinin kompression sınığı, sağ diz oynağında sümüyünün kondiluslardan keçən yerdəyişməyən sınığı, sağ diz oynağında incik sümüyünün başının sınığı, hər iki diz oynağının hematrozu, başın təpə nahiyəsinin, hər iki saidin, sağ əlin 2-ci barmağının sıyrılmış yaraları kimi sağlamlığa ağır zərər vurmasına səbəb olmaqla yol nəqliyyatı qaydalarını pozub.

Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bildiyini deyib. Amma mülki iddianı qəbul etmədiyini bildirib. O, sərbəst ifadəsində hadisə barədə danışıb.

Daha sonra təqsirləndirilən şəxs hakimin, prokurorun, vəkilin və zərərçəkmişin, zərərçəkmişin hüquqi varisinin suallarını cavablandırıb.

Prosesdə zərəçəkmiş Ə.Talıbov dindirilib. O da hadisə barədə danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: "Hadisədən sonra Seymur Qarayev mənə heç bir kömək göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlı durumdadır. O, mənə yalnız xəstəxanada olan zaman bir az yardım göstərdi. Daha sonra isə mənə heç bir kömək etmədi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. O, mənə dedi ki, "get rayona, sənə orada yardım göstərəcəm". Lakin Seymur Qarayev dediyinə əməl etmədi. Hətta ona zəng edəndə dəfələrlə mənə deyib ki, gəlib sənə baş çəkəcəm. Amma bir dəfə də gəlmədi və dediklərinin hamısı yalan çıxdı".

Zərərçəkmiş Ə.Talıbov bildirib ki, təqsirləndirilən S.Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: "O, bizi gördüyü halda avtomobilin əyləcini basmadı, nəqliyyat vasitəsini nə sağa, nə də sol tərəf istiqamətinə çəkdi. Yalnız bizi vurduqdan sonra avtomobili saxladı. İndi yalandan deyir ki, guya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandır".

Məhkəmə zərərçəkmişin hüquqi varisi İ.Əlizadəyə ifadə verməsi üçün söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

0
XƏBƏR LENTİ