12:08 Bazar Günü, 18 Noyabr 2018
İDMAN

Toy gününü tatamidə keçirən İrəvan fatehi Elmar Qasımov

11:43, 12.08.20166366
Toy gününü tatamidə keçirən İrəvan fatehi Elmar Qasımov
Xəbər verdiyimiz kimi, cüdoçumuz Elmar Qasımov dünən Rio Olimpiya Oyunlarında gümüş medal qazanıb.
AZXEBER.COM Elmar haqda bir müddət öncə mətbuatda yayımlanan yazını təqdim edir. Elmar Qasımov cüdomuzun ümid yeridirI Avropa Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayrağını daşımaq şərəfi cüdoçu Elmar Qasımova həvalə olunmuşdu. 24 yaşlı idmançıya bu böyük etimadın edilməsinin bir neçə səbəbi vardı. O, həm dünyanın ən böyük perspektiv vəd edən cüdoçularındandır, həm də İrəvan fatehidir. 2009-cu ildə İrəvanda qatıldığı gənclər arasında Avropa çempionluğunu bayram edib himnimizin çalınması, bayrağımızın qalxmasını təmin edən biri idi. Yaşı çox olmasa da, karyerası ərzində yetərincə eniş-yoxuş yaşayan Elmarın həyat hekayəsi çox maraqlıdır. Hələ qələbələri qabaqda olan cüdoçunu daha yaxından tanımaq, tanıtmaq qərarına gəldik.Tanınmış olmaq istəyi2 noyabr 1990-cı ildə Xırdalanda anadan olan Elmar Qasımov 7 yaşından cüdo ilə məşğul olmağa başlayıb. Tanınmış idmançı olmaq, dünyada məşhur olub adından söz etdirmək istəyi onu tatami üzərinə gətirib. Tezliklə məşqçilərinin rəğbətini qazanıb və yeniyetmələr arasında yarışlara qatılaraq nailiyyətlər əldə edib. Elmar ciddi yarışlara 17 yaşında çıxmağa başlayıb. Maraqlıdır ki, o, ilk ilindəcə həm gənclər, həm də böyüklərin mübarizəsinə qoşularaq uğur əldə edib. 2007-ci ilin martında Maştağada yaşı 20-yə qədər olan gənclər arasında Azərbaycan çempionatında gümüş, üç ay sonra yaşı 23-ə qədər olan idmançılar arasında bürünc, həmin ilin dekabrında isə böyüklər arasında Azərbaycan çempionatının bürünc mükafatına layiq görülüb. Bu cür partlayış cüdo ictimaiyyətinin diqqətinin ona yönəlməsini şərtləndirdi. Sonrakı iki il ərzində bütün yaş qruplarında ölkə çempionluğu, həmçinin Akropolis, Hamburq, Leybnitsdəki beynəlxalq turnirlərdə qələbəni bayram edən Qasımov, karyerasının ən böyük qələbəsini qazandı. Söhbət 2009-cu ildə İrəvanda keçirilən gənclər arasında Avropa çempionatından gedir. Ancaq bu barədə bir qədər sonra... Ermənistandakı uğur ona böyük populyarlıq və hörmət gətirsə də, idmançı karyerasına mənfi təsir etdi. Elmar çox sayda turnirlərə qatılaraq müxtəlif, ancaq o qədər də qənaətbəxş olmayacaq nəticələr əldə etməyə başladı. Düzdür, mütəxəssislər bunun hər kəsin başına gələ biləcəyini qeyd etdilər. 2010-cu ildə İstanbulda keçirilən Avropa Kubokundakı gümüş, ondan bir ay əvvəl Çelyedəki müvafiq turnirdə bürünc medal müəyyən oyanış rolu oynasa da, növbəti vacib qələbələri bir il gözləmək lazım gəldi. Üç ay aralıqla həm San-Paolo, həm də Daşkənddəki Dünya Kubokunda bürünc medala sahib çıxan Elmar, yenə də “mən qayıtdım” dedi. Yenə bir ildən sonra – 2012-ci ilin aprelində forma yığaraq Çelyabinskdəki Avropa çempionatında bürünc əldə edildi. London Olimpiadasındakı 7-ci pillə isə hər şeyin sonu kimi görünə bilərdi. Ancaq elə olmadı....Londondan sonrakı yüksəliş2013-cü ilin martından bu günə qədər baş verənlər Elmarın yüksəlişdə olması və bu yüksəlişin hələ çox davam edəcəyinə işarə idi. Samsunda Qran-Pri gümüşü, Bakıda “Böyük Dəbilqə”, Tümendə “Masters” turnirlərinin bürüncü, ardınca Tbilisi Qran-Prisinin bürüncü, Monpelyedəki Avropa çempionatının gümüşü, Budapeşt Qran-Prisinin bürüncü və Tümen “Böyük Dəbilqə”sinin, Tbilisi və Samsun “Qran-Pri”lərini, həmçinin Rabat “Masters” yarışlarının son bir ildə qazanılan qızılları buna daha bir sübutdur. Avropa Oyunlarında uğursuzluq yaşansa da, Qasımov 100 kq çəki dərəcəsində dünyanın ən güclüləri sırasında ikincidir və Rio Olimpiadasında ölkəmizin əsas medal ümidlərindəndir.İrəvanın fəthiElmar Qasımov haqda danışıb, onun 2009-cu ildə Ermənistandakı zəfərini xatırlamamaq düz olmazdı. Gənclər arasında Avropa çempionatında çıxış etmək üçün İrəvana yollanan nümayəndə heyətində 5 cüdoçu vardı ki, onların hamısı vətənə medalla qayıtdı. Yeganə qızıl medal isə Elmarın aktivinə yazıldı. Düşmən və təcavüzkar ölkəyə yollanıb, həyatını riskə atmağın özü belə böyük şücaət idi. Azərbaycan himninin səslənməsi və bayrağının qalxması, bütün Ermənistanın bu mənzərəyə ayaq üstə şahidlik etməsi isə daha böyük qələbədir.Yarışın son günündə 19 yaşlı cüdoçumuz əvvəlcə fransız, sonra avstriyalı, daha sonra isə bolqar rəqibinə qalib gəldi. Yarımfinalda polyak Tomaş Domanskin idmançımıza boyun əydi. Finalda isə çexiyalı Lukas Krpalekə ipponla qalib gələn Qasımov İrəvanın mərkəzi arenasına toplaşan və cüdoçumuzun yenilgisini istəyən ermənilərin səsini batırdı. Bu tarixi zəfərin hələ gənc, o qədər də təcrübəsi olmayan, ancaq qorxmaz və mübariz həmvətənimizdən gəlməsi çox xoş bir xatirə idi. Finaldan sonra müsahibəsində “Bu qələbəni Qarabağda həlak olan şəhidlərimizin ruhuna həsr edirəm” cümləsi isə Elmarın böyük vətənpərvərliyini ortaya qoymuşdu. Qasımov İrəvanda hal qoymamışdı.Toy günündə də tatamidəİdmançı olmaq yalnız tatamiyə çıxıb güləşmək, qələbə qazanmaq və ya yenilmək deyil. İdmançı olmaq həm də peşəkar olmaq deməkdir. Ağır məşqlərə ara verməmək, öz işinə hörmətlə yanaşmaq çox vacib məqamdır. Bəzən isə elə alınır ki, bunu etməyin ən çətin olduğu günlərdə belə tatamiyə çıxmaq lazım gəlir. Elmarda olduğu kimi. 2011-ci il martın 6-da toyu olan Qasımov həmin gün tələbələr arasında Azərbaycan çempionatı keçirildiyindən xəbərdar idi. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan cüdoçu rektorluğun xahişini yerə salmayaraq yarışa qatılmaq qərarı vermişdi. Bir gündə dörd görüş keçirərək hamısında qalib gələn Elmar qızıl medala sahib çıxmışdı. Bir gündə iki böyük sevinc yaşayan Qasımov həm ailəsinə, həm də peşəsinə sadiqliyini nümayiş etdirmişdi.Bayraqdarlıq məsuliyyətiYuxarıda da qeyd etdik ki, Bakıda keçirilən ilk Avropa Oyunlarının bayraqdarı olmaq böyük fəxrdir. Bu şansın Elmara verilməsi də onu digər idmançılardan bir addım önə çıxarmışdı. Bütün dünyanın gözü önündə ev sahibi komandanın flaqmanı olmaq hər kəsə nəsib olmur. Digər tərəfdən, bu, həm də böyük məsuliyyətdir. Qasımov Avropa Oyunlarda cəmi bir görüş keçirərək məğlub olmuş, mübarizəni erkən dayandırmışdı. Tənqidlər çox olsa da, ümumi fikir eyni idi: Elmar gücünü ortaya qoya bilmədi. Həyəcanını boğa bilməməsi ona mane oldu. Doğma divarlar arasında çempion olmaq, İrəvandakı uğurun davamını Bakıda gətirmək istəyi cüdoçumuza mənfi təsir göstərmişdi. Bunu da təcrübəsizliklə əlaqələndirmək gərəkdir. Bəli, 24 yaşı olsa da, belə böyük təzyiq altında güləşmək ona nəsib olmamışdı. Bir şey dəqiqdir ki, Elmar bu məğlubiyyətdən nəticə çıxaracaq və bunun əvəzini daha böyük yarışlarda – Rio Olimpiadasında verəcək.Tatami aslanı
Tatamidəki Elmarı təsvir etmək üçün çox sayda döyüşlərini izləməyiniz gərəkdir. Qasımov təmkinli, konkret taktiki gedişlər etmədən, belə demək olarsa, duruma görə güləşir. Onun hücum və ya müdafiəyə üstünlük verməsini söyləmək olmaz. 189 sm boyu ona həm yaxın, həm də uzaq döyüş aparmaq imkanı verir. Fiziki hazırlığı yüksəkdir. Bu da ona son saniyələrə qədər konsentrasiyanı qorumaq, ehtiyatı əldən verməməyə kömək edir. Qazanılan hər qələbə ona daha çox güc verir. Sanki Elmar qələbədən enerji alır, yenilgidən sonra daha da zəifləyir. Bu baxımdan psixoloji hazırlıq önə çıxır. Elmarın hər zəfərdən sonra əlini sinəsinə döyərək aslanlar kimi nərildəməsi isə artıq bütün cüdo ictimaiyyətinin qulaqlarına və gözlərinə tanış mənzərədir.PortretiElmar Qasımov çətin günlərini yaşayan cüdomuzun ümid yeridir. Mübarizliyi, əzmi, istedadı həmişə ona uğur gətirib. Gənc, enerjilidir, qarşısına böyük hədəflər qoyur. Bu hədəflər çatması da çətin olmayacaq. O, öz mənəvi balansını tapan kimi bütün dünya ondan danışacaq, alqışlayacaq, əlləri üzərinə qaldıracaq. Portretindəki gənc pəhləvanın baxışlarında ehtiyatlılıq hiss olunur. Hələ özünə tam əmin deyil. Bilir ki, kimliyindən asılı olmayaraq hər rəqibini aslanlar kimi parçalaya bilər. Buna gücü də var, istəyi də. Bir az zamana ehtiyac var ki, o da öz hökmünü onun xeyrinə verəcək. Hələ şans var. Elmar yenə rəqibini yenib nərildəyəcək, səsini hər yerə yayacaq.Kənan Məstəliyev, Kaspi qəzeti
XƏBƏR LENTİ