16:01 Bazar Ertəsi, 18 Noyabr 2019
ÖZƏL

Vüsal Məmmədov: "AzVision öz fəaliyyəti ilə göstərib ki, əslində ciddi media həyatı necə əks etdirməlidir" - MÜSAHİBƏ

13:30, 01.10.20193483
Vüsal Məmmədov:
Bu gün Azərbaycanın aparıcı xəbər saytlarından olan AzVision.az-un 7 yaşı tamam olur.
 
Saytın baş redaktoru Vüsal Məmmədov ad günü ilə bağlı AZXEBER.COM-a geniş müsahibə verib. 
 
- Bu gün Azvision.az 7 yaşını qeyd edir. Sizcə, bu illər ərzində Azvision Azərbaycan oxucusuna nə qazandırıb?

- AzVision öz fəaliyyəti ilə göstərib ki, əslində ciddi media həyatı necə əks etdirməlidir. Hər gün saysız-hesabsız hadisə baş verir, bunların hamısını oxucuya çatdırmaq mümkün deyil. Media orqanı hadisələri özünün dəyərləndirmə filtrindən keçirib, oxucuya çatdırır. Yəni oxucunun vaxtını, diqqətini, neyronlarını şlakdan qoruyur. Hansı medianı oxumağı seçməklə oxucu əslində özünə uyğun filtri seçir. Bu gün biz hansı saytı oxumağı onun bizə çatdırdığı yox, çatdırmadığı xəbərlərə görə seçirik. Çünki əvvəllər xəbəri almaq vacib idisə, indi əksinə, xəbər axınıdan qorunmaq önəmlidir. Əgər xəbərdən qorunmaq taktikasını düzgün seçə bilməsən, boşuna vaxtın itəcək və həqiqətən lazım olan məlumatları ala bilməyəcəksən. Biz oxucuya düzgün, onun neyronlarını şlakdan qoruyacaq filtr qazandırmışıq. Bu isə çox vacibdir.
Bir də, oxucularımızı indi Azərbaycan mediasında getdikcə azalan bir nemətə - yaxşı müəllif yazılarına da qonaq etməyi bacarmışıq.
 

 

- Saytınızda bir çox layihələrə imza atmısız. Sizin üçün ən doğma, oxucu üçün isə ən oxunaqlı hansı olub?

- Mənim üçün ən doğması "Qarabağ üçün oxu” olub. Oxunan deyə bilmərəm, amma ən çox baxılan da elə o olub – ikisinə "youtube”da iki milyon baxış var. Çox ümid edirəm ki, biz onun üçüncüsünü də ərsəyə gətirmək üçün imkan və resurslar tapa biləcəyik.

- 7 il kənardan qısa görünsə də, media sahəsində uzun zamandır. Vüsal Məmmədov geriyə baxanda bu illəri necə xatırlayır?

- Gərginlik, əsəb, stress və çoxlu iş, iş, iş... Amma əlbəttə, işıqlı tərəfi də var: Sevdiyim peşə ilə məşğul olmaq, sevdiyim insanların arasında çalışmaq və ən əsası, yazmaq... Yazmaq – mənim üçün dünyada ən sevimli məşğuliyyətdir. Fikirləşirəm ki, əgər jurnalistikanı bu qədər sevməsəm, bəlkə də arxada qalan illərin gərginliyinə dözmək olmazdı. Bunu izah etmək asan deyil, amma jurnalistika doğrudan da, çox stressli və ağır bir işdir. Jurnalistikadan hamı çox şey umur, istəyir, tələb edir. Bütün bunların arasındamı deyim, altındamı deyim, qalmaq çox çətindir. Dəmir əsəblər və qalın dəri lazımdır ki, bunlar da yaradıcı insanlarda adətən olmur. Mən isə özümü ilk növbədə yaradıcı insan sayıram. Ona görə də, nə gizlədim, çətin olub...
 

 

- Şou xəbərləri yayımlamırsız. Bu, sizə çətinliklər yaratmır ki?

- Yox, çünki artıq bizi bu cür qəbul edən oxucu kütləsi ilə bir-birimizi tapmışıq. İnandırıcı görünməyə bilər, amma şounun hətta kölgəsi belə olmayan Azərbaycanda "şou xəbərləri”ndən iyrənən xeyli oxucu var. Onlar bizim adamlardırlar. Bu adamlar üçün həmin tip xəbərlər sadəcə, küy yaradır. Onlar elə xəbərləri filtrasiya edən sayt axtarırdılar və AzVisionun simasında onu tapdılar.

- Uzun illər TV sahəsində çalışmısınız. TV və saytı müqayisə etsəniz, hansı daha çətindir?

- İndi də TV-də çalışmaqda davam edirəm. Artıq sayt ilə TV arasında olan sərhədlər silinir, bunlar bir-birinə inteqrasiya edirlər. Məsələn, AzVision.az-da mənim "Elmi Cavab” adlı verilişim var. Formaca bu, sırf televiziya verilişidir, amma saytda yayımlanır. Televiziya həmişə komanda işidir, orada mütləq yaxşı komanda oyunçuları tələb olunur. Komandada zəiflik varsa, ən güclü müəllif belə, sönük görünəcək. Məsələn, rejissor zaydırsa, jurnalist lap əjdaha olsun – xeyri yoxdur. Bu mənada, televiziya fərdiyyətlərin meydanı deyil. Saytda isə bir nəfər təkbaşına da meydanda döyüşçü ola bilər. Tək döyüşmək, əlbəttə, çətindir. Amma komandanı formalaşdırmaq da asan deyil. Bir cümləlik cavab lazım olsa isə, deyərdim ki, sayt daha çətindir.
 

 

- Qarşıda hansı layihələriniz var?

- Yaxşı işlər, həqiqi gözəl hadisələr və uğurlu layihələr heç vaxt planlaşdırmaqla olmur. İşləyirsən, işləyirsən, yazırsan-pozursan və proses əsnasında sənin beynində yolunu azmış bir elektrik siqnalı ənənəvi xəttlə getmir, yeni sinapslar yaranır, dünənə qədər prosesdən kənarda qalan neyronlar aktivləşir və Voi la!, - yeni ideyalar ortaya çıxır. Azərbaycan dilində buna "Başıma danq elədi” deyirlər. Oturub fikirləşəndə heç vaxt başa nəsə danq eləmir. Bunun üçün daim işləmək lazımdır ki, neyronlarda qaçışan elektrik siqnallarından biri yolunu azmaq üçün imkan tapsın. Mənim ağlıma yaxşı ideyalar hər zaman oxuyarkən gəlir. Buna görə də, əsas planım hər zaman dayanmadan oxumaqdır.

- Oxuculara nə demək istərdiniz?

- Zövq alın, müqavimət göstərməyin, ittiham etməyin. Siz axı oxucusunuz, niyə özünüzü hakim kimi aparırsınız?!
 

 


XƏBƏR LENTİ