20:04 Cümə, 15 Noyabr 2019
MƏDƏNİYYƏT

YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

13:58, 18.10.20193606
YARAT-da

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgi açılıb.

Trend-in məlumatına görə, sərgi XX əsrin əvvəllərindən II Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. 1900-1940-сı illər Azərbaycan tarixində siyasi, mədəni və sosial-iqtisadi cəhətdən zəngin etap kimi qalıb. Mürəkkəb geosiyasi mövqeyə malik Azərbaycanda gərgin siyasi mühit cəmiyyətin bütün sahələrinə təsirini göstərirdi. Əsrin əvvəlindən başlayan ictimai-siyasi proseslərin dərinləşməsi, 20-ci illərdən başlayaraq isə sovet rejiminin sosial idealizm nəzəriyyəsi dövlətçilik, milli demokratik və pantürkist simpatiyaları ilə gizli mübarizə aparırdı.

Bu hadisələr fonunda ölkədə təsviri incəsənət ən mühüm və həlledici dövrünü yaşadı. Nəticədə incəsənət sahəsində forma və mövzular dəyişir, onun yeni növ və janrları yaranır. Ədəbiyyat və publisistika sahələrində cəmiyyətdə baş verən cüzi dəyişiklər əks-səda doğurur, zamanının aktual mövzularına dair şeir, poema, pyes və məqalələr yazılır. XX əsrə qədər mövcud olmuş dekorativ səciyyəli təsviri sənət indi realist məktəbinin ənənələri ilə yenilənir. Sovet rejiminin qurulmasından sonra rus rəssamlıq məktəbinin təhsili sayəsində qısa müddət ərzində Azərbaycan rəssamları səthi təsvirdən həcmliyə keçid edirlər. Yeni özünüifadə vasitələrinə yiyələndikcə, rəssamların müraciət etdikləri mövzuların dairəsi də dəyişir. Tərtibatçılıqdan sənədləşdirmə və süjet xəttinə keçid alaraq, yeni əsrin əsərləri tarixi əhəmiyyət kəsb edirlər.

Burada milli mənsubiyyət, milli identifikasiya məzmunları əks olunur, cəmiyyətin inkişaf etməməsi və savadsızlığı kimi satirik forma ilə vurğulanır. Qadın azadlığı mövzusu xüsusi yer tutaraq, təsviri incəsənət və ədəbiyyatda milli ruhlu şeir və məqalələrlə birlikdə toxunulan mövzuya çevrilir.

"Danışır Bakı: 1900-1940-cı illər" sərgisi zamanın səsi olaraq siyasi, ictimai, mədəni-maarif və ədəbiyyat sahələrinin incəsənətə inikasını açıqlayır. Ekspozisiya rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov və şair(ə)lər Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiqin və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Dövlət Teatr Muzeyi, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub.

Sərgini Goethe Zentrum-un YARAT Müasir İncəsənət Məkanına hədiyyə verilmiş və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) tərəfindən yaradılmış "Villa Petrolia" instalyasiyasının açılışı müşayiət edəcək. "Villa Petrolia" əsəri rəssamın araşdırmalarına əsaslanıb və məşhur malikanənin şərəfinə adlandırılıb. Bu instalyasiyada Bakı neft bumu dövründə tikilmiş qüllədən ibarətdir və onun içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.

Sərginin kuratorları: Suad Qarayeva-Maleki və Fərəh Ələkbərli

Araşdırma: Zəhra Məmmədova

Məkan: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi (YARAT Mərkəzinə yaxın)

Tarixlər: 16 oktyabr – 12 aprel

Sərginin iş rejimi: çərşənbə axşamı – bazar, 11:00 – 20:00

Giriş sərbəstdir.

 


XƏBƏR LENTİ