14:11 şənbə, 25 May 2019
KÖŞƏ

Yenə deyəcək ki, hakimiyyət bizdən qorxdu…

14:57, 25.01.20194684
Yenə deyəcək ki, hakimiyyət bizdən qorxdu…
Azər Həsrət
 
Təxribat eləmək, diqqət çəkmək istədilər, alınmadı. Milli Şura adlı amorf qurumu deyirəm. Hər bir Azərbaycanlı üçün müqəddəs olan 20 yanvar ərəfəsində Bakı şəhər rəhbərliyinin izni ilə etiraz mitinqi keçirdilər. Dövlət nəinki onlara mane olmadı, əksinə, mitinqçilərin təhlükəsizliyini yüksək səviyyədə qorudu, ortalığı qarışdırmaq istəyənlərə imkan vermədi. Bunlarsa nə etdilər? Nizamlı-düzənli bir mitinq keçirmək yerinə, nəzərdə tutulan ərazidən kənara çıxdılar, qarışıqlıq salmağa çalışdılar. Hətta metroya enərək orda da qarışıqlıq salmağa cəhd etdilər. Azərbaycan polisi sakit bir şəkildə, dinc üsullarla təxribatın qarşısını aldı.
 
Daha sonra onlara xəbərdarlıq edildi. Hətta Bakı polisinin rəhbəri şəhər hakimiyyətinə müraciət edərək məhz bu qüvvələrin mitinq keçirməsinin qarışıqlığa və kütləvi qanun pozuntusuna səbəb olacağını bildirdi. Təbii ki, şəhər rəhbərliyi də sakinlərin və qonaqların güvənliyini təmin etmək üçün bu bir dəstə şəxsin növbəti addımlarını diqqətdə saxlamaq üçün qərar verməli oldu.
 

Bu gün bəlli oldu ki, bu qərar çərçivəsində Milli Şura adlı qurumun yanvarın 26-na elan etdiyi mitinqin keçirilməsinə izn verilməyib. Səbəb də, yuxarıda qeyd etdiyimiz kimi, təşkilatçıların öz məsuliyyətini yetərincə anlamaması, qanunlara sayğısız yanaşmasıdır.

İndi yəqin ki, Milli Şura ətrafındakı şəxslər, onların Əli Kərimlisi bütün gecəni yatmayıb aləmə car çəkəcək ki, hakimiyyət bizdən qorxdu, ona görə mitinqə icazə vermədi.


Niyə belə deyirik? Ona görə ki, bu adamı və onun daim geri gedən uğursuz siyasətini yaxşı bilirik. Bilirik ki, bu adam artıq on illərdir gəncləri yalan vədlərlə, mənasız iddialarla aldadıb qanunsuz əməllərə belə sövq edir. Nəticədə də o gənclərin bəziləri hətta həbsxanaya düşür.

İndi biri çıxıb bu Əli Kərimliyə deməlidir ki, sənin davamlı olaraq qorxduğunu iddia etdiyin hakimiyyət artıq 26 ildir ki, mövqeyindən geri çəkilmir. Geri çəkilməmək bir yana, hələ üstəlik gücləndikcə güclənir.

İndiki gənclər bilməz, bizsə xatırlayırıq. Onu xatırlayırıq ki, indi Milli Şura adı altında özünü cəmiyyətə əsas müxalifət kimi sırımağa çalışanlar hələ 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra da eyni çıxışları edirdilər. Onda da deyirdilər ki, hakimiyyət zəifləyir. İddia edirdilər ki, bu gün, ya da sabah bunların sonudur. Bizim kimi gəncləri inandırmışdılar ki, Heydər Əliyev hakimiyyəti uzun çəkməyəcək. Amma nə oldu? Heydər Əliyev düz iki dönəm – 10 il prezidentlik etdi.

Sonra da iddia etdilər ki, İlham Əliyev zəif liderdir, çox duruş gətirə bilməyəcək. Hələ ona da ümid bağlayırdılar ki, ölkədəki sosial problemlər etiraz kütləsinin artması üçün yaxşı fürsət ola bilər. Amma nə oldu? İlham Əliyev sosial problemləri hər keçən il daha sürətlə həll etdi. Ölkənin beynəlxalq əlaqələrini genişləndirdi. Bununla bərabər dövlətin daha nizamlı idarə edilməsi üçün çox ciddi islahatlar keçirdi. Yəni hər keçən il Əli Kərimli kimi düşünənləri geri, İlham Əliyev və ona inananları irəli apardı. Hələ bura onu da əlavə edim ki, normal təfəkkürü, düşünmə qabiliyyəti olan heç bir kəs Əli Kərimlinin yanında qalmadı, ondan uzaqlaşdı. Onların bəziləri hazırda da siyasi meydandadır və uğurlu siyasət adamlarıdır. Bəziləri isə siyasətdən uzaqlaşıb başqa sahələrdə özlərini təsdiq etməklə məşğuldur. Məhz ona görə də Əli Kərimli yanına onun keçmişini yaxşı bilməyən sütül gəncləri toplayıb və onlara az qala hər kəsi söydürməklə məşğuldur.

İndi bu adamlar iddia edir ki, hakimiyyət onlardan qorxur. Ay hay! Sizin nəyinizdən qorxacaq bu hakimiyyət? Ümumiyyətlə, niyə qorxmalıdır axı? Hər dəfə qazınızı almaq üçün mitinq keçirmənizə icazə verir, siz də bir topa adamla meydana çıxıb hansı "güc”ün sahibi olduğunuzu göstərirsiniz. Bu isə hakimiyyəti bir qədər də arxayınlaşdırır. Çünki o "güc”ünüz bu hakimiyyət üçün heç də qorxulu deyil və ola da bilməz. Ona görə də mitinqinizə icazə verilməməsinin səbəbini hakimiyyətdə deyil, özünüzdə axtarın. Öyrənin, görün ki, sizə etiraz tədbiri keçirmək üçün izn veriləndə niyə özünüzü apara bilmirsiniz? Həm də niyə yüz minlər sizin ardınızca gəlmir? Bu sualların cavabını bilirsiniz. Sadəcə dilə gətirmirsiniz. Çünki o acı gerçəyi dilə gətirsəniz, ümumiyyətlə siyasət meydanından çəkilməli olacağınızı yaxşı bilirsiniz…


XƏBƏR LENTİ