12:57 çərşənbə Axşamı, 14 Avqust 2018
SİYASƏT

Zahid Oruc: "Vidadi İsgəndərlinin daş plitələrə əyilən başına..."

12:01, 15.05.20183234
Zahid Oruc:

Deputat: "Vidadi İsgəndərlinin Fransa torpağında öz vətəninə qarşı döyüşməsi bir vaxtlar faşistlərin ideologiyasına uyanların Hitler orduları sıralarına qoşulmasına bənzəyir”

Millət vəkili Zahid Oruc Azərbaycandan kənarda fəaliyyət göstərən bir qrup mühacirin ölkəmizə və prezidentə qarşı davam etdirdikləri kampaniyaya qarşı fikirlərini ifadə edib. O, Vidadi İskəndərlinin youtube kanalı üzərindən yaydığı videoya hiddətini ifadə edib və hər kəsi fəal vətəndaş mövqeyinə səsləyib. Zahid Oruc musavat.com -a deyib:"Satqının milləti olmur. Hansı torpaqda doğulmaq və ada-soyada malik olmaq bir xalqa mənsubluğa formal aid olmaq hadisəsidir. Əgər ruhunu şeytana, casus şəbəkələrinə və yaxud əsir kimi qaldığın düşərgə mənsublarına təslim etmisənsə, sənin satqından başqa adın yoxdur.

Tarixdə Vidadi İskəndərli kimi rəzil məxluqların yad məmləkətlərdə-indiki halda Fransa torpağında öz vətəninə qarşı döyüşməsi bir vaxtlar faşistlərin ideologiyasına uyanların Hitler orduları sıralarına qoşulmasına bənzəyir. Cəmi 6 gün əvvəl 2-ci dünya müharibəsində qələbənin 73-cü ildönümündə tərəqqipərvər insanlar bəşəriyyəti məhvə sürükləyən nasional sosializm və onların qurduqları 3-cü Reyxi bir daha lənətləyir, insanlığı və canlı aləmi yox etməyə çalışan gestapoçuları, "eses"çiləri və onlara havadarlıq edən legioner ordularını ən kəskin bir dillə mühakimə edirdilər. Üstündən on illər keçsə də andrey vlasovların, pyotr krasnovların adı şərəfsizlik lövhəsindən silinmir və iblisə xidmət edənlərin simvolları təki pislənirlər. Hətta müasir Rusiyada adamlar təsadüfən malik olduqları vlasov soyadını dəyişir ki, özlərini xəyanətkarla bir cərgədə tutmasınlar, onlarla heç bir bioloji, yaxud mənəvi bağlılıqlarının olmadığını göstərə bilsinlər. Məgər Fürerin verdiyi general rütbəsi öz millətinin qarşısında qürurla durduğun sıravi libasdan daha üstündür? Əsla yox. Axı cəlladların çiyinlərindəki ulduzlar qibtə və sitayiş hissi deyil, nifrət və yalnız qəzəb doğurur.

Məgər barrikadanın o tərəfinə keçənlər guya bolşeviklərə, yaxud kommunistlərə nifrətlərini əldə əsas götürüb öz xəyanətlərinə haqq qazanmaq istəmirdilər? İndi Parisin küçələrində demokratiya dilənən Vidadi İskəndərli və onun hədəqədən çıxan gözlərini telefonun obyektivinə çəkən şəxslər fərqində deyillər ki, elələrinin nə ölüsünü görən olacaq, nə də ki qəbrini. Çünki özgə torpağına qarışan ruh və cismin Azərbaycana heç bir dəxli yoxdur. Əgər iskəndərlilər əlləri bağlı şəkildə ölkəyə qaytarılsalar, birinci işləri gedib böyük Heydər Əliyev şəxsiyyətindən və onun müqəddəs ruhundan əfv diləmək olacaq. Halbuki elə üfunətli məxluqların Xiyabanın daş plitələrinə enən başlarına yalnız satqın möhürü vurulacaq. Azərbaycan prokurorluq orqanları qəti hərəkətə keçərək, ölkəmiz əleyhinə xarici cəbhələrdə geniş yer alan dəstə üzvlərinin hüquqa zidd əməllərinə cavabdehlik istəməli, onların ekstradisiyası üçün qanunvericilik əsasında prinsipial addımlar atmalıdır. Dünyanın heç bir ölkəsində cinayətkarı sona qədər mükafatlandırmaq və qoruyub saxlamaq mümkün olmur. Ona görə də Parisin ədliyyə orqanları vlasovları özümüzə qaytamalıdır. Xalqımız öz dönüklərini cəzalandırmağı yaxşı bacarır”.
XƏBƏR LENTİ