17:45 çərşənbə, 12 Dekabr 2018
GƏNCLİK

Zeynəb və Fərqanın "Könül dünyası" gecəsi keçirildi

16:19, 13.11.20183398
Zeynəb və Fərqanın
Görmə imkanları məhdud iki istedadlı gənc Zeynəb və Fərqanın "Könül dünyası" gecəsi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, beynəlxalq görmə imkanları məhdud insanların günü ilə bağlı R. Behbudov adına Mahnı Teatrında görmə imkanları məhdud 2 istedadlı gənc Zeynəb Ədalət qızı və Fərqan Arif oğlunun yaradıcılığına həsr olunmuş "Könül dünyası” adlı yaradıcılıq gecəsi keçirilmişdir. Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçən təntənəli gecə tamaşaçıları min bir ovqata köklədi. Görmə məhdudiyyətləri olan bu iki gəncin inamı, inadı, qətiyyəti və cəsarəti ilə ərsəyə gələn bu gecədə duyğulu anlar yaşanıb. 

Öncə millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva cəmiyyətə mesaj məqsədilə çox önəmli çıxış etdi. Millət vəkili Q.Paşayeva bildirdi ki, mən əlil, şikəst sözünü sevmirəm və qəbul etmirəm. Çünki insanın əsas şikəstliyi mənəviyyatı ilə, könlü ilə əlaqəlidir. İnsanın könlünün, mənəviyyatının şikəst olması əsl faciədir. Bu gənclərin sadəcə görmələrində məhdudiyyət var. Amma onlar dünyanın al -əlvan rənglərini öz qaranlıq dünyalarının könül gözü ilə sağlam insanların çoxusundan yaxşı görürlər. Cənab Prezident İ.Əliyev və ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın rəhbərliyi altında fiziki imkanları məhdud şəxslərin həyat şəraitinin, məşğulluğunun yaxşılaşdırılması istiqamətində hər zaman işlərin görüldüyün vurğulayan millət vəkili Q.Paşayeva bütün bunların fiziki imkanları məhdud şəxslərə dövlət səviyyəsində qayğı və diqqətin bariz nümunəsidir deyib. Millət vəkili Q.Paşayeva bu önəmli tədbirə dəstəyi üçün Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevə təşəkkürünü bildirib və bildirib ki, "inanırıq kı, bundan sonra da fiziki imkanları məhdud insanlarla bağlı həyata keçirilən proqramlar, layihələr daha da artacaq."
 
Millət vəkili Qənirə Paşayeva deyib: "Bu gün Zeynəblə Fərqanın gecəsidir. Mən Fərqanı və onun həyat yoldaşı görmə imkanları məhdud Yeganəni yaxından tanımaqdan çox məmnun olmuşam. Yeganə Dillər Universitetini bitirib. Müəllimə işləmək arzusunu təhsil nazirimiz C.Bayramova müraciət edərək dəstək göstərməsini xahiş etdik. İndi Yeganə müəllimə işləməyə başlayır və onu təbrik edirik. Cənab Təhsil nazirimizə buradan Yeganəyə dəstəyi üçün bir daha təşəkkürümüzü bildiririk. Mən Fərqangilin evində olanda sintezatorda ifa edən Fərqanı kəşf etdim, onun səsinə valeh oldum. Və qərara aldım ki, onu cəmiyyətə daha geniş təqdim etmək lazımdır.
 
Zeynəbin isə jurnalist olmaq arzusunu Yevlaxda fəaliyyət göstərən televiziyada bir müddət işləməsinə kömək etməklə reallaşdırmağa çalışdıq və Zeynəb çox uğurlu fəaliyyət göstərdi. Tam sağlam, paytaxt televiziyalarında çalışan bir çox aparıcılardan daha dolğun, daha lakonik, daha sərbəst və sərrast ifadələrlə danışması, veriliş aparması məni düşündürdü. Zeynəbin gözəl, ürəyəyatımlı, düşündürən, cəmiyyətə mesaj verən şeirlərini dinlədikcə, bayağı şeirləri ilə cəmiyyətdə özlərinə yer tutmağa çalışanları müqayisə etdim. Belə gənclərə hər kəs qapısını açmalıdır. Onlara dəstək olmaq vacib olduğu qədər də gərəklidir. Bu gün bu tədbir çəkilir və bu gecənin televiziya vasitəsilə göstərilməsi, youtube kanalında izlənilməsi yüzlərlə Zeynəblərin, Fərqanların cəmiyyətdə qazanması demək olacaq.
 
Onlar Zeynəbi və Fərqanı gördükdə deyəcəklər ki, əgər Zeynəb və Fərqan bunu bacardısa, biz də bacara bilərik.
Bu layihənin həyata keçirilmçəsində bizimlə birlikdə olan "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovaya , Zeynəbin kitabının çap olunmasına dəstək göstərən CBC nəşriyatının rəhbəri Səməd Bağırova, Fərqana dəstək olan musiqiçilərə, bu iki istedadlı gəncin cəmiyyətə daha geniş tanıdılması istiqamətində səsimizə səs verən iş adamı Tahir Gözələ və bu gün Zeynəb və Fərqanı izləmək üçün gələn bütün tamaşaçılara, ziyalılara, sənətçilərə, özəlliklə bu gənclərin hər zaman yanında olan və onları daha böyük işlərə ruhlandıran ailə üzvlərinə xüsusi təşəkkürümü bildirmək istəyirəm .”

Tədbirdə iştirak edən Əmək və əhalinin sosial müdafiə nazirliyinin rəsmiləri çıxışında fiziki imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısı və diqqətindən danışaraq cənab nazir S.Babayevin təbrikini diqqətə çatdırdı, uğurlar diləyib.
 
Tədbirdə çıxış edən "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bütün insanları bu cür gənclərə daha böyük dəstəyə çağırıb. Zeynəbin kövrək, həzin səsi və rəvan nitqi ilə mərasimin bədii hissəsi başlandı. Sürprizlər yaşandı. Zeynəbin dəvətilə millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, eyni zamanda Əməkdar artist Nuriyə Hüseynova, bəstəkar Vaqif Gərayzadə, aktrisa-aparıcı Mətanət Əliverdiyeva, müğənni Elnarə, Təbrizdən gəlmiş sənətçilər səhnəyə dəvət edildilər. Mahnılar şeirlərlə, təbriklər xeyir-dualarla əvəzlənib.
 
Tədbirdə iştirak edən fiziki imkanlatı məhdud olsa da,cəmiyyətimiz üçün gözəl işlər görən insanlar alqışlandı, özəlliklə dünya çempionatından qızıl və bürünc medallarla ölkəmizə qayıdan Boccia komandası millət vəkili Q.Paşayevanın onların uğurları ilə bağlı çıxışından sonra böyük alqışlarla qarşılandılar. Tədbirin sonunda millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Q.Paşayeva cəmiyyətə bir daha çağırış edərək bu cür gənclərin yanında daha çox olmalıyıq deyib. Tədbirin ən önəmli mesaji cəmiyyətə idi: Bu insanlara kəm gözlə baxmayın. Şirkətlərinizin, iş otaqlarınızın qapılarını onıarın üzünə taybatay açın. Onlar çoxumuzdan daha həssas, daha bacarıqlı və daha qabiliyyətlidirlər.

Tədbirin sonunda sözləri Zeynəb Ədalət qızına, musiqiqi Fərqan Arif oğlunun aid olan "İnsanlıq ölməyib" adlı musiqi əsəri Fərqanla bərabər tədbir iştirakçıları tərəfindən birlikdə oxunması ilə bitib və Zeynəb və Fərqan "bu əsər bizim cəmiyyətə tədbirin sonunda bir daha çağırışımızdır" deyiblər və bu əsər alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Zeynəb Ədalət qızının şeirlərindən ibarət kitabı tədbir iştirakçılarına hədiyyə olunub.
 

 

 

 


XƏBƏR LENTİ