19:59 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

Özü üçün ayrıca dövlət yaradan azərbaycanlı milyonçu – Onu siz də tanıyın!

16:40, 13.08.201816580
Özü üçün ayrıca dövlət yaradan azərbaycanlı milyonçu – Onu siz də tanıyın!
AZXEBER.COM Azər Niftiyevin təqdimatında "Bizim elçi” rubrikasını davam etdirir.
 
Hər həftənin bazar ertəsi yayımlanan rubrikada oxucular xaricdə yaşayan, Azərbaycanı təmsil edən, öz fəaliyyəti ilə adını "məşhurlar” siyahısına yazan soydaşlarımızdan və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.
 
Rubrikanın növbəti qonağı dünyanın ilk kosmik ölkəsi olan "Asgardia"nın baş naziri, azərbaycan əsilli milyonçu İqor Aşurbəylidir.
 

 

İqor Aşurbəyli kimdir?
 
Dünyanın ilk kosmik ölkəsi olan - "Asgardia"nın yaradıcı İqor Rauf oğlu Aşurbəyli "Qız” zodiak işarəsinin təsir dairəsindədir və 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Astroloqlar iddia edir ki, "Qız”lar təvazökarlığı və fərqli yanaşmaları ilə seçilirlər. Bu bürc altında dünyaya gələn insanlar qeyri-adi layihələrə baş vurmağı və özünü fərqli rakursdan təqdim etməyi sevirlər. İzahata ehtiyac yoxdur.
 
Göründüyü kimi, bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirən İqor Aşurbəyli qazandığı sərvəti kosmik məkanda dövlət qurmağa sərf edib və hətta bu kosmik ölkənin baş naziri də seçilib. Görünür astroloqlar "Qızlar” haqqında qeyri-adi layihələr proqnozunu verərkən cənab Aşurbəylini də diqqətdən kənarda qoymayıblar.
 

 

 

Bakıdan Moskvaya gedən yol…
 
İqor Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. 1985-ci ilə isə eyni medalla Azərbaycan Sənaye İnsitutununun diplomunu alır. Azərbaycanlı alim, professor Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda namizədlik dissertasiyasını müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri"dir. Ötən əsrin 90-cı illərinin ortalarında Moskvaya üz tutan İ.Aşurbəyli 2011-ci ilədək "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
 

 


Məşhur Aşurbəyovlar nəslinin davamçısı…
 
İqor Azərbaycanın məşhur Aşurbəyovlar nəslinin nümayəndəsidir. O nəslin ki, müxtəlif dövrlərdə ölkəmizin onlarla məşhur elm, mədəniyyət, dövlət xadimləri, iş adamları yetişdirib. Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat Aşurbəyova Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşı, Bakıda neft mədənlərinə və çox böyük imarətlərə malik sahibkar, Bakıya su kəmərinin çəkilməsində əsas payçılardan biri olub. Paytaxtın məşhur "Əjdərbəy” məscidi (indiki adı "Göy məscid”) Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adını daşıyırdı. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. Deyilənlərə görə, son dərəcə səxavətli insan olan Teymur Aşurbəyov öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. Siyahını Sona Aşurbəyova, Sara Aşurbəyli və digər Aşurbəyovların hesabına artırmaq da olar. İqor Aşurbəyov da bu nəslin parlaq nümayəndəsidir.
 
 

 


Moskva "göz yaşlarına inanır” və O…
 
İqor Aşurbəyov Rusiyada olduğu müddətdə dəfələrlə şimal qonuşumuzun rəhbərliyi tərəfindən müxtəlif təltiflərə layiq görülüb. Görünür məhz bunun nəticəsidir ki, hazırda Rusiyada xüsusi rəğbət və ehtiramla qarşılanır. O, Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli "Moskva knyazı müqəddəs Daniil” (3 dəfə), "Şərəf” ordenləri, "Georgi Jukov”, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi”, "Rusiya Donanmasının 300 illiyi”, "Moskvanın 850 illiyi” xatirə medalları ilə təltif olunub. Akademik V.Utkin adına qızıl medalın, "SSRİ EA-nın akademiki A.A.Raspletin” gümüş medalının sahibidir. İki dəfə "İlin meneceri” Moskva müsabiqəsinin, "Müəssisə Sahibi - Alim il” nominasiyasında "Rusiya Milli Olimpi” mükafatının, "Rusiya iqtisadiyyatının lideri” milli mükafatının, akademik A.Proxorov adına mükafatın, "İlin adamı” milli mükafatının və s. laureatıdır. İqor Aşurbəyli Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, "Almaz-Antey" konstruktor bürosunun rəhbəri olaraq fəaliyyət göstərib. Socium Holdinq İdarə Heyətinin prezidentidir. Texnika elmləri doktoru, professordur. BMT-yə üzv olmağı hədəfləyən dövlətin rəhbəri… Bir müddət öncə "Asgardia” adlı kosmik dövlət yaratdığını elan edən İ.Aşurbəyli bu il iyun ayının 25-də bu ölkənin baş naziri seçilib. And içərək fəaliyyətə başlayan Aşurbəyli bildirib ki, ilk hədəfi beş il ərzində bütün dünyaya internet yayımı edən peykləri yerləşdirmək olacaq. Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə çıxış edən Aşurbəyli bu hadisənin tarix kitablarına düşəcəyini deyib. O, həmçinin bütün nazirliklər və hökumət qurumlarının formalaşdırıldığını da bəyan edib. Yeni baş nazir, 10-15 il içərisində kosmosa səyahət etmək üçün gəmilər hazırlamaq niyyətində olduqlarını, 25 il sonra isə Ayda yaşam üçün bir koloniya qurmağı planlaşdırdıqlarını diqqətə çatdırıb. Qeyd edək ki, İqor Aşurbəylinin yaratdığı "Asgardia"nın adı Skandinaviya mifologiyasından götürülüb. Kosmik ölkə 12 oktyabr 2016-cı ildə Parisdə təqdim olunub. Onun hazırda 200 mindən çox "vətəndaşı" var. BMT-yə üzv olmağı hədəfləyən "Asgardia" öz bayrağını və himnini də yaradıb.

Bu layihənin təmsilçilərinin azad data mərkəz kimi adlandırdıqları Asgardia-1 adlı peyk Cygnus kosmik gəmisinin daxilində kosmosa göndərildi. Bu data mərkəzinin daxilində 0.5 TB-lıq məlumat yerləşir. Onların arasında konstitusiya, dövlət simvolu, Asgardia vətəndaşları haqqında məlumatlar və s. yerləşir. Cygnus kosmik yük gəmisini özündə birləşdirmiş Orbital ATK Antares adlı raket ABŞ-ın Virciniya ştatındakı kosmodromdan start götürmüşdü. Bu kosmik yük gəmisi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) müxtəlif növ ehtiyyatları çatdırandan sonra Yer kürəsinin orbitinə Asgardia-1 peykini buraxacaq. Kiçik peyk 512 GB-lıq yaddaş həcminə sahibdir. Onun daxilində Asgardia-nın 300.000 sakinin məlumatları, dövlət simvolu və konstitusiyası kimi məlumatlar yerləşir. Əraziyə sahib olmayan, heç kim tərəfindən qəbul edilməyən və özünə ad kimi qədim Skandinaviya mifologiyasında səmada yerləşən şəhərin adını götürmüş dövlət ilk baxışdan elmi-fantastikadan gəlmiş bir hadisə kimi görünür. Lakin layihənin yaradıcısı və əslən azərbaycanlı olan İqor Aşurbəyli (sahibkar və "Almaz-Antey” konstruktor bürosunun keçmiş sabiq rəhbəri) Asgardia-nı tam ciddi şəkildə azad dövlət kimi qurmağı planlaşdırır.
 

 

 
Atasının yolu ilə gedən Ruslan…
 
İqor Aşurbəyli 1983-cü ildə İ.Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurur, bir il sonra isə onların Ruslan adında oğlu dünyaya gəlir. Bakıda dünyaya göz açan Ruslanın hazırda 33 yaşı var. Uzun müddətdir ki, ailəsilə birlikdə Rusiyada yaşayır. Rusiyada nüfuzlu "Sosium” şirkətlər qrupunun icraçı direktorudur. Müdafiə sənayesi, informasiya texnologiyaları və bir sıra mühüm sahələr üzrə çox uğurlu layihələr həyata keçirir. Bütün bunlarla yanaşı, hərbi və geosiyasi mövzulardan yazan nüfuzlu VPK (Voenno-Promışlennıy Kuryer) qəzetinin də baş direktorudur. Ruslan Aşurbəyli birinci sinfi bitirdikdən sonra ailəsilə birlikdə Moskvaya köçüb. 2000-ci ildə Moskvada 1234 saylı orta məktəbi bitirib. Elə həmin il Moskva Aviasiya İnstitutuna (hazırda Moskva Dövlət Texniki Universiteti adlanır) daxil olub. İş həyatına mühəndis-proqramçı kimi başlayıb. 2006-cı ilin martından 2009-cu ilə qədər "Almaz” Elmi-İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətində sektor müdiri işləyib. Paralel olaraq bu müəssisədə aspiranturada təhsil alıb. 2009-cu ildə namizədlik dərəcəsini müdafiə etməklə texniki elmlər namizədi olub. Elmi işi hərbi texnika üçün proqram təminatının yaradılmasının xüsusiyyətlərinə həsr olunub.
 
Dissertasiyasını rəqabətdə olduqları İqtisadiyyat, İnformatika və Sistemlərin İdarə edilməsi üzrə Mərkəzi Elmi-Araşdırma İnstitutunda müdafiə edib ki, heç kim direktor atasının ona yardım göstərdiyini deyə bilməsin. 2009-cu ilin aprelindən "VPK-Telekom” şirkətində icraçı direktor, sonra "VPK-Soorujeniya”da icraçı direktor, "Konstruktorskoe büro-1” ASC-də icraçı direktor işləyib. 2012-ci ilin yanvarın 2-dən "Sosium-A” ASC-də icraçı direktordur. Eyni zamanda, VPK Assosiyasında elmi-texniki şuraya rəhbərlik edir.
 
// Azər Niftiyev
AZXEBER.COM
XƏBƏR LENTİ