Xəbər verdiyimiz kimi, Novruz Bayramı ilə bağlı Sankt-Peterburqda keçirilən bayram konsertində hər kəsi şoka salan olay yaşanıb. Səhnəyə dəvət edilən Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanovun çıxışı zamanı, naməlum bir şəxs ayaqa duraraq əlindəki meqafonla konsulun çıxışına mane olub. O, yanındakı qızı işarə edərək, konsula qarşı təcavüz iddiasını irəli sürüb. O qeyd edib ki, Qüdsi Osmanovun təcavüz etdiyi qızların sayı onlarladır.
Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov APA-ya verdiyi açıqlamada iddialara cavab verib: “Novruz bayramı münasibətilə keçirilən tədbirdə baş verən təxribatın arxasında təbii ki, maraqlı insanlar dayanır. Bizdə bununla bağlı müvafiq videomateriallar var, artıq müəyyən araşdırmalar da aparmışıq. Həmin videomateriallarla birlikdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburq nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilib. Yaxın müddətdə Rusiya hüquq-mühafizə orqanları məsələni araşdıracaqlar.
Baş konsul 15 yaşlı qıza təcavüz etməsi barədə iddiaları birmənalı şəkildə rədd edərək bunun böhtan olduğunu vurğulayıb: “Əgər belə bir məsələ həqiqətən var idisə, nə üçün hüquq-mühafizə orqanlarına müraciət etmirdilər? Əgər bu həqiqət olsaydı, hüquq-mühafizə orqanlarına müraciət olunardı. Deyilənlər əlbəttə ki, böhtandır və təxribat məqsədi daşıyır”.