Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün şimal-qərb bölgəsində fermer və sahibkarlarla görüşüb.
Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Yevlax rayonundan gələn 70-ə yaxın fermer və sahibkarı dinləyən nazir hər kəsi diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində tövsiyə və tapşırıqlarını verib.Şəki rayonunda fermer və sahibkarları qəbul edən Heydər Əsədov kənd təsərrüfatının müxtəlif sahələrinə dair müraciətləri dinləməklə yanaşı sakinlərin problemləri ilə də maraqlanıb, bəzi məsələlərə yerindəcə aydınlıq gətirib.Qəbul zamanı nazir bir sıra məsələlərin yerində həll olunması üçün göstərişlər verib, bir sıra məsələlərin həlli məqsədi ilə canlı bağlantılar yaradılıb, həlli istiqamətində yerlərə nümayəndələrin göndərilməsi razılaşdırılıb.Müraciətlər kənd təsərrüfatı texnikasının əsasən də kombayn çatışmazlıqları, kənd təsərrüfatının inkişafı üçün kreditlərin verilməsi, xüsusən bölgəyə məxsus təsərrüfat sahəsi olan fındıqçılığın, qarğıdalıçılığın, çayçılığın, meyvəçilik və damazlığın inkişafı üçün kreditlərin verilməsi eyni zamanda əkin sahələrinin suvarılması və digər məsələlərlə bağlı olub.Heydər Əsədov qəbul zamanı fermer və sahibkarlara müraciət edərək əsasən taxılçılıqla bağlı səpin işlərində diqqətli olmalarını, mərkəzi icra orqanlarına yalan məlumat verməmələrini tövsiyə edib. Qeyd edilib ki, belə hallara təsadüf ediləcəyi təqdirdə belə fermer və sahibkarlar məsuliyyətə cəlb olunacaqlar.