Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabının təqdimatı keçirildi

MARAQLI
10:10 29.03.2011
2205

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əks olunub.

Tədbirdə çıxış edən 525-ci qəzetin baş redaktoru Rəşad Məcid kitabın əhəmiyyətindən və Akif Aşırlının erməni təcavüzü ilə bağlı silsilə nəşrlərin müəllifi olmasından danışıb.

Ermənilərin soyqırım siyasətinin beynəlxalq ictimayyətə çatdırılmasının vacibliyindən bəhs edən millət vəkili Qənirə Paşayeva dünya ictimaiyyətini də bu tarixi faktlarla tanış etməyin və ona siyasi, hüquqi qiymət verilməsinin əhəmiyyətini vurğulayıb. 

Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Fazil Mustafa, Musa Qasımlı, Fərəc Quliyev, yazıçı-publisist Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və digərləri kitabın əhəmiyyətinə diqqət çəkiblər.

Qeyd edək ki, 500 tirajla çap olunan kitabın elmi redaktoru BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, rəyçiləri isə AMEA Ədəbiyat İnstitutunun elmi işçisi, filalogiya elmləri üzrə fəlsəfə doktoru Asif Rüstəmli və BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Alxan Bayramoğludur. Kitabda“Azərbaycan”, “İstiqlal”, və ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən “Qardaş qayğısı”qəzetində çap olunan məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb.

OXŞAR XƏBƏRLƏR