Azərbaycan Gənclər Fondu gənclərə nə verəcək? - SORĞU

MAQAZİN
13:54 26.06.2012
2492
İyunun əvvəlində Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun təqdimat mərasimi keçirildi. Qurumun icraçı direktoru Fərhad Hacıyev deyir ki, fondun təsis olunması gənclərlə iş sahəsində fəaliyyətin yeni formalarda davam etdirilməsinə imkan verəcək : "Əsas məqsədi gənclər təşkilatlarına dəstəyin göstərilməsi, yaradıcı, intellektual, elmi işlərlə məşğul olan gənclərin dəstəklənməsi, layihələrə dövlət tərəfindən qrantların ayrılmasıdır. Region gənclərinin vətəndaş cəmiyyətində aktiv iştirakını təmin edilməsidir. Gənclərin hərtərəfli iştirakına yönəldilmiş layihələrə qrantların ayrılmasıdır".Azərbaycan gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının sədri Gülsel Səfərova 2011-ci ilin aprel ayında Gənclər Fondunun yaradılması təşəbbüsü ilə çıxış edənlər arasında özünün də olduğunu bildirdi. Onun sözlərinə görə, fond özünməxsusluğu ilə seçilir: "Burada əsas məsələ, özəllik ondan ibarətdir ki, Gənclər Fondu gənclərə total yanaşır, yəni heç bir siyasi ayrı-seçkilik etmədən".“Sağlam düşüncə” gənclər təşkilatının baş katibi Ramiz Əliyev söyləyir ki, sərəncamda göstərilən məqsədlərə nə dərəcədə əməl olunacağını zaman göstərəcək: "Müsbət xarakterli addımlar atılacaq, çox güman ki. Azərbaycanda gənclər təşkilatlarına və QHT-lərə maliyyə dəstəyinin ayrılması ilə bağlı çox yaxşı təşəbbüsdür".“Müsbət dəyişiklik” gənclər təşkilatının üzvü Nərmin Rəhimli siyasi baxışlarına, mövqelərinə görə gənclər arasında fərq qoyulmayacağına və onlara dəstək olunacağına ümid etdiyini bildirdi: "QHT-yə dəstək şurasından fərqli olaraq yeni açılan Gənclər Fondunun əsasnaməsinə görə, onlar həm qeydiyyatda olmayan təşkilatlara, hətta fərdi olaraq təqdim edilən layihələrə də maliyyə almağı planlaşdırırlar. Təşkilat olaraq həmin fonda müraciət etməkdə layihələrimizi təqdim etməkdə heç bir problem görmürük, əksinə faydalanmaq istəyirik".Bu ilin mart ayında qurumun fəaliyyəti üçün Azərbaycan prezidentinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli parlamentin növbəti sessiyasında fonda ayrılan vəsaitin istifadəsini planlaşdırmaq üçün müzakirələr aparılacağını və “Sosial Sifariş haqqında” qanun qəbul ediləcəyini vurğuladı: "Biz o qanunu hazırlamaqla fondun vəsaitlərinin istifadə olunmasının da hüquqi bazasını təmin edəcəyik".Gənclər Fondunun fəaliyyətinə nəzarət edən müşahidə şurası 11 nəfərdən ibarətdir. Dövlət orqanlarını 5, beynəlxalq təşkilatları 2, qeyri-hökumət təşkilatlarını isə 4 nəfər təmsil edir.Xatırladaq ki, bu fond dövlət başçısının 2011-ci il 19 dekabr tarixli fərmanına əsasən yaradılıb. mənbə: Genclerinsesi.org

OXŞAR XƏBƏRLƏR