Qəbirlərin əyilmiş qamətlərini dikəltdi. Bu səsi daha yaxından, daha yaxşı eşitməkdən yana. Gəldikləri yerlərdən daima eşitdikləri bu səsə birlikdə qulaq asmaq üçün ruhlar da bura cəmləşmişdilər.
Bu səs, burada qəribə səslənirdi. Bu isə təkcə fərqlilikdən deyildi. Bu səs nə müsabiqə, nə özünü tanıtım, nə özünə tamaşaçı yığmaq üçün idi. Bu həsrətin səsiydi. İllərin həsrətinin səsi. Həsrətliləri qovuşduracaq, təmiz, kövrək, həzin, yanğı dolu bir səs. Bu səs burda uyuyanların kimisinə oğul, kimisinə nəvə olan körpələrin, uşaqların səsiydi. Şuşaya çağırış səsiydi. “Şur” üstündə köklənmiş bir haray idi bu səs; Fidan körpələrin səsində.
İlk cərgələrdə ötüb gedənlər də bu səsi eşidib geri qayıdırdılar. Çıxışlara qulaq asan yox idi. Hər il eşitdikləri sözlərin növbəti sözlər, vədlər olduğundan bezən insanlar ümidlərini bu səsə bağlamağa gəldilər.
Hamı bir anlığa arxaya çevrilib lap yaxınlıqdakı Müdafiə Nazirliyinə sarı boylandı.
Şuşalı uşaqlar muğam oxuyurdular. Şuşa, Qarabağ haqda şeirlər deyirdilər.
Quşlar da budaqlardan sakitcə boylanırdılar. Bu gün qərənfillər də başlarını dik tutmuşdular.
Bu gün Şuşa özü bura gəlmişdi.
Şuşalı uşaqlar bu gün buranı Şuşaya çevirmişdilər. Sanki bu gün hamı Şuşalıydı. Bu səsin sehrinə düşüb hamı daxilən onlara qoşulurdu. Böyüklər “Segah” oxuyurdular, uşaqlarsa “Şur”.
lll
200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə, dağıdılmış 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki, Azərbaycana məxsus olan erməniləşdirilmiş bir çox abidə bu səs üçün darıxmışdı.
lll
Bakının ən uca zirvəsindən səslənən bu səs buludsuz bir havada Şuşaya yol almışdı. Şuşaya gedirdi. Şuşaya çatırdı. Şuşada eşidilirdi bu səs. Şuşa neçə illərdi eşitmədiyi, yadırğadığı, həsrətində olduğu bu səsi sinəsinə çəkirdi. Bu səslər bu yolun nə qədər qısa olduğunu anlatdı, bu yolun çox uzaq, gedilməz olduğunu deyənlərə.
lll
Bu səslər Parlamentin zallarına doldu. O yumşaq, rahat kresloları daşlaşdırdı. İclas zalı ciddiləşdi. Zalın çoxdan dəyişiləsi ovqatını dəyişdi. Ovqatları dəyişdirdi.
Səslər insanlara, şəhərə doğru axırdı. Yaxındakı evlərə, sütunlu binaların möhkəm, çox möhkəm bağlanmış qapılarından içəri dolurdu.
Üstündən bir il keçməsinə baxmayaraq buralarda eşidilən o səs millətin ruhunu artıq özünə qaytarmışdı. Yatmış, yatızdırılmış vicdanları oyatmışdı.
Burda uyuyanlar lazımı qurumların bura bu qədər yaxın olduğunu ilk dəfə duydular.
Bu gün qalada deyil, qıraqda yatanları oyatmağa gəlmişdi o səs.
Bayaqdan ləpələri belə dayanan, susan Xəzər, səs kəsilən kimi coşmağa başladı. Xəbər apardı üz tutub o biri sahillərə.
lll
Şəhidlər Xiyabanında Şuşalı uşaqlar oxuyurdular.
Mərasimin sonunda Şuşa şəhər 2 saylı orta məktəbin şagirdlərinə, onların müəllimələrinə bizə bu anı yaşatdıqlarına, bizləri xəyalən də olsa, bir anlığa o yerlərə apardıqlarına görə təşəkkürümü bildirəndə onların çöhrələrini görəydiniz. Nələr yoxuydu o kövrək baxışlarda. O xoş çöhrələrdə.
lll
Şuşalı uşaqlar oxuyurdular Şəhidlər Xiyabanının əbədi sakitliyində. Buranın sakinləri heç vaxt belə rahatlanmamışdılar, ruhlanmamışdılar. Uşaqların səsi qələbənin uzaqda olmadığını deyirdi. “Bizdən sonra da döyüşə biləcək oğullar var, daha başqa səslər, başqa sözlər eşitmək istəmirik”, oxunurdu boylanışlarında.
lll
Bu səs yaddaşın toqquşan səsiydi. Qanımıza, iliyimizə hopmuş Cəngi səsiydi. Bizi qabağına qatıb müqəddəs Qarabağa aparan işıqlı bir səs idi. Yollarımıza işıq salan səs.
Bu səs dolanbac yolları aşaraq qalaya daxil oldu. Köhnə küçələri, uçuq-sökük evləri, Şuşanın 17 məhəlləsinin 17-sini də dolaşaraq Cıdır Düzünə qalxdı. Ətrafa boylanıb qəfil haray çəkdi. Çoxdandır heç kimim qalxmadığı Məscidin minbərindən bir anlığa toz qopdu.
Bu gün Şuşada dağlar, daşlar əks-səda verib oxuyurdular. Neçə illərdi yox olmuş Xarı Bülbül bu səsin sədasına gəlmişdi. Bizlərdən daha etibarlı olan təbiət də bu səsə oyanmışdı.
Hamını öz muğamı ilə heyrətləndirən Azərbaycanın ən qədim tarixi vilayətlərindən olan Qarabağın dilbər guşəsi, mədəniyyət beşiyi-Şərqin Konservatoriyası sayılan Şuşa, bu gün çoxdan eşitmədiyi bu səsin sehrinə düşmüşdü.
lll
Şəhidlər Xiyabanında Şuşalı uşaqlar oxuyurdular. Şuşada oxuyası, Şuşada oxuyacaq uşaqlar oxuyurdular.
Qarabağ bayatıları
Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsən tez qayıt gəl,
Gözü yolda qalan var.
Bağında bağlığın varmı,
dağında dağlığın varmı,
köynəkdə ağlığın varmı?-
Q A R A B A Ğ.
Can atıram çiçəyinə,
əlim çatmır ətəyinə,
necə qonum pətəyinə,
Q A R A B A Ğ.
Sənsiz aran, yaylaq itib,
yaddan çıxmaz oylaq itib,
su quruyub, çaylaq itib,
Q A R A B A Ğ.
Cığır dolu izim hanı,
eşidilən sözüm hanı,
o həyalı üzüm hanı,
Q A R A B A Ğ.
Qırılıbdı budaqların,
qoyunsuzdu yataqların,
quzulayıb otaqların,
Q A R A B A Ğ.
Çaylarından sular axmır,
şimşək daha elə çaxmır,
ruhlar məni tək buraxmır,
Q A R A B A Ğ.
İşıq gəlmir çırağından,
xəbərsizəm sorağından,
necə çıxım qınağından,
Q A R A B A Ğ.
Bu yerlərin təhnəsi boş,
Cıdır düzü, səhnəsi boş,
dədə-baba məhləsi boş,
Q A R A B A Ğ.
Mənim nəyim qalıb daha,
dərd alan yox, satım baha,
ahlarım çatmır Allaha,
Q A R A B A Ğ.
Rəfail TAĞIZADƏ, 525-Cİ QƏZET