Əflatun Amaşov aksiyada iştirak edən jurnalistləri təriflədi
MARAQLI
15:50 12.03.2011
1922
“Mətbuat Şurası 11-12 mart aksiyalarını yaxından diqqətdə saxlayıb. Aksiyalar başlamamışdan öncə müvafiq hüquq-mühafizə orqanlarının, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə danışıqlar aparmışıq. Söhbətlərimiz icazəli və ya icazəsizliyindən asılı olmayaraq, prosesi işıqlandıran jurnalistlərin maneəsiz hərəkətinə şərait yaradılması ilə bağlı olub. Müşahidələr göstərdi ki, hadisə yerinə xüsusi gödəkcələrdə gələn bütün jurnalistlər peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirdilər. Hətta deyərdim ki, bir imtahandan da üzüağ çıxdılar”.
Bunu Lent.az-ın sorğusuna cavabında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. MŞ sədri bəzi jurnalistlərin aksiyaya xüsusi gödəkcələrdə gəlmədiklərindən təəssüflənib: “Biz həmişə tövsiyə etmişik ki, ekstremal şəraitləri, o cümlədən küçə aksiyalarını işıqlandıran kütləvi informasiya vasitələri əməkdaşları xüsusi gödəkcələrdə olsunlar. Yaxşı haldır ki, çağırışımıza əməl edənlər çoxdur. Təəssüf ki, buna riayət etməyənlər də oldu. Onların da saxlanıldıqları halda sərbəst buraxılmaları barədə ümumi razılığa gəlmişik”.