Son günlər Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verən proseslər və yayılan məlumatlar qurumda genişmiqyaslı islahatların aparılacağı ehtimalını gücləndirib. İddialara görə, Akademiyanın mövcud rəhbərliyinin ləğv edilərək idarəetmə strukturunun yenidən qurulması planlaşdırılır. Ötən gün AMEA-da keçirilən iclasların birində bəzi alimlərin yuxulu vəziyyətdə görüntülənməsi də ictimaiyyət arasında müzakirələrə səbəb olub və qurumun fəaliyyətinin effektivliyi ilə bağlı sualları artırıb.
Milli Məclisin deputatı Əziz Ələkbərli AZXEBER.COM-a açıqlamasında deyib ki, AMEA-da islahatların aparılması son dərəcə vacibdir:
"AMEA-da islahatların aparılması nəinki mümkündür, hətta mən deyərdim ki, son dərəcə vacibdir. Çünki AMEA çox vacib bir qurumdur, burada çox böyük elmi-intellektual potensial cəmləşib. Hazırda dünyanın idarə olunmasında beyin mərkəzlərinin rolu danılmazdır. AMEA da hazır beyin mərkəzidir, hətta beyin mərkəzlərinin toplaşdığı möhtəşəm bir qurumdur. Burada elə alimlər var ki, onun özü böyük bir beyin mərkəzidir. Sadəcə, bu beyin mərkəzini və mərkəzlərini məqsədyönlü istiqamətləndirmək, onların işini səmərəli təşkil və təmin etmək lazımdır”.
Deputat qeyd edib ki, 400-500 manat maaş verilən alimdən nəsə tələb etmək mümkün deyil :
"Bizdə bir məsəl var: "Göndərir düzəlməz işə, adını da qoyur yarıtmaz”. 400-500 manat maaş verilən alimdən nə tələb etmək olar? Alimə, elmə belə münasibətin özü cinayətdir. Bəli, AMEA-da ciddi islahatlar getməli, institutlarda vacib problemlər üzrə lokal elmi qruplar yaradılmalıdır. Hər kəsin görəcəyi iş konkretləşməli, işləyənlərə hər cür maddi təminat yaradılmalıdır”.
O söyləyib ki, elmi dərəcəsi olan alimə 60-100 manat vermək onu məsxərəyə qoymaqdır:
"Elmi dərəcəsi olan alimə 60 manat, 100 manat dərəcə maaşı vermək onu məsxərəyə qoymaqdır. Dərəcə pulu o alimə verilməlidir ki, o həqiqətən də elmi müəssisədə çalışır, elmlə məşğul olur və bundan 10 qat artıq verilməlidir. Başqa işdə, vəzifədə işləyənlər isə onsuzda dərəcə maaşı almır və ya almamalıdır. Bəzən eşidirəm, deyirlər alimə niyə dərəcə pulu verilməlidir, belələrini masa arxasında oturdub, qabağına qələm-kağız qoyub deyəsən ki, tərcümeyi-halını yaz və görəsən ki, neçə orfoqrafıq, qrammatik və ya leksik-üslubi səhvə yol verir”.
Parlamentari qeyd edib ki, AMEA-nın ləğv olunmasından danışmaq savadsızlıqdır:
"AMEA-nın ləğv olunmasından danışmaq isə, sadəcə, savadsızlıqdır, bolşevizmdir, "hər şeyi yıxaq, dağıdaq, sonra fikirləşərik yerində nə quracağıq” psixologiyasıdır. AMEA ölkəmizin milli sərvətidir”.
Şahanə Ziyad








































