“Azərbaycan kriminalının “xaç atası” vəfat etdi”
Rusiyanın nüfuzlu regnum.ru agentliyi xəbərinə “Rusiyadakı Azərbaycan qruplaşmasının ”xaç atası" vəfat edib" başlığını seçib: Sayt yazır: “Bakıdakı 1 saylı kolonunun xəstəxanasında kriminal aləmdə ”Mamed Masallinski" kimi tanınan Məmməd Hüseynov vəfat etdi. O, martın 20-də beyninə qansızmadan keçinib. Mamed Rusiyanın (ifadəyə fikir verin: Rusiyanın-red ) ən tanınmış avtoritetlərindən idi. Bir neçə il əvvəl qətlə yetirilmiş “Hikmət Sabirabadski”dən sonra azərbaycanlı kriminal qruplaşmanın “xaç atası” sayılırdı".
“Vətən öz qəhrəmanını geri buraxmadı”
rospres.com portalı isə öz xəbərinə sentimental başlıq qoyub: “Vətən öz qəhrəmanını geri buraxmadı.” Yazıda avtoritetin vəfatının Rusiyadakı Azərbaycan kriminalına ağır zərbə vuracağı da xüsusi vurğulanır.
Qonşu ölkənin smira-ponitke.ru portalı isə məşhur “qanuni oğru”nun hüzrünə bir sıra MDB ölkələrindən nüfuzlu avtoritetlərin gələcəyinə diqqət çəkib. “Azərbaycan DİN-i ”Mamed Masallinski"nin hüzrünə nüfuzlu avtoritetlərin gələcəyini şərh edərkən bildirib ki, əgər onlardan kimsə beynəlxalq axtarışda deyilsə, ölkə sərhədini keçməkdə sərbəstdirlər və heç bir qadağadan söhbət gedə bilməz."
“Rusiyanın nüfuzlu avtoritetlərindən olan 50 yaşlı ”qanuni oğru" Məmməd Hüseynov Bakıda vəfat etdi. O, uzun müddət idi ki, qara ciyər serrozu və şəkər xəstəliyindən əziyyət çəkirdi. Hüseynov Rusiyada “Mamed Masallinski” ləqəbi ilə tanınırdı". Bu barədə isə inforotor.ru saytı yazır. Sayt həmyerlimizin Moskvada böyük nüfuzunun olduğunu da xüsusi qeyd edir.
“Yaponçik”in məzarına gül çələngi
jriminalnaya.ru isə “Masallı Mamed”in adını bir müddət əvvəl Moskvada qətlə yetirilmiş “Yaponçik” ləqəbli Vyaçeslav İvankovla hallandırır. Yazıda göstərilir ki, hələ 1990-cı illərin əvvəllərində Moskvada müxtəlif etnik kriminal qruplaşmalar arasında ölüm-dirim savaşı gedəndə azərbaycanlı, gürcü və assurlar məhz “Silvestr” ləqəbli Sergey Timofeyevi yox, “Yaponçik”i dəstəklədilər. “Elə o vaxtdan İvankovla azərbaycanlı kriminal qruplaşma liderləri arasında münasibət yarandı. ”Mamed Masallinski"nin “Yaponçik”lə tanışlığı da burdan başlaya bilərdi. Təsadüfi deyildi ki, “Yaponçik” dəfn olunanda onun məzarına “Ot Azerbaydjanskoy bratvı” yazılmış çələngi də “Mamed Masallinski” qoymuşdu."
O, qardaş kimi qəbul olunurdu
kavkaz-news.info isə öz xəbərinə “Azərbaycan kriminalının Rusiyadakı lideri vəfat etdi” başlığı qoyub. Xəbərdə onun Azərbaycanın ən nüfuzlu “qanuni oğru”su olduğu xüsusi vurğulanır. Və o da qeyd olunur ki, “Mamed Masallinski” Qafqaz əsilli oğrular arasında ən məşhurlarından idi. Milliyyətindən asılı olmayaraq o, “qardaş” kimi qəbul olunurdu, böyük hörmət sahibi idi."
Rusiyanın novostink.ru saytı isə xəbərinə “Rusiyanın ən nüfuzlu ”oğru"larından bir vəfat etdi" başlığı qoyub. Bu sayt başqa maraqlı məqamlara da toxunur. Həmin məqamlarda xüsusi vurğulanır ki, Azərbaycanda azadlıqda demək olar ki, nüfuzlu avtoritet qalmamışdı. “Onların bir çoxu ya öldürülmüş, ya həbs edilmiş, ya da ölkədən çıxarılmışdı. Uzun müddət Rusiyada yaşayan ”Mamed Masallinski" də Azərbaycana nadir hallarda gəlirdi. Hətta bir dəfə hüquq-mühafizə orqanlarının tələbi ilə o, Azərbaycana gəlişindən bir neçə saat sonra ölkədən çıxarılmışdı. Sonuncu dəfə ötən il narkotik saxlamaqda ittiham olunan “Mamed Masallinski” elə həbsxanada vəfat etdi".
bjm.ru saytı da mərhumla bağlı onun vəfatının azərbaycanlı kriminal qruplaşmaya ağır zərbə vuracağını yazır. “Rusiyadakı Azərbaycan qruplaşması demək olar ki, başsız qaldı. Bu onlar arasında ikitirəliyin yaranmasına səbəb ola bilər. Azərbaycanlıların Moskvada və Rusiyanın digər iri şəhərlərində nüfuz dairələrinin itirəcəyi şübhə doğurmur.
Onun dəfninə Gürcüstan, Ukrayna, Rusiyadan avtoritetlər gəlib
“Onun dəfninin izdihamlı olacağı heç kimə sirr deyildi. Azərbaycandan gələn xəbərlərə görə, ”Mamed Masallinski"nin doğma Masallı rayonunda keçirilən dəfn mərasimində on minə yaxın adam iştirak edib. Onu son mənzilə minlərlə adam yola salıb. Mərasimdə Gürcüstan, Ukrayna və Rusiyadan xeyli sayda kriminal avtoritet iştirak edib." Bu barədə isə primejrime.ru xəbər yayıb.
news.rambler.ru-da Mamedin vəfatı ilə bağlı yaydığı xəbərdə onu Rusiyanın nüfuzlu “qanuni oğru”larından biri kimi təqdim edib.
Başqa bir rus saytı arnews.ru “Masallı Mamed”in vəfatının səbəbinə toxunub. Saytın yazdığına görə, o şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkirmiş. “Neçə ildir ki, Moskvada yaşayan ”Mamed Masallinski" bir müddət əvvəl elə bu şəhərdə qətlə yetirilmiş başqa bir azərbaycanlı avtoritet “Hikmət Sabirabadski”nin varisi sayılırdı."
Moskvada hüzr məclisləri
Dünən aldığımız məlumata görə, martın 28-də Moskvada azərbaycanlılara məxsus əksər restoranlarda “Masallı Mamed”in 7 mərasimi düzənlənəcək. Bu barədə Rusiya paytaxtındakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, artıq bu barədə Moskvada azərbaycanlıların kompakt çalışdığı bazarlarda və digər obyektlərdə elanlar verilib. “Konkret Moskvanın cənubundakı DAK-ın Rusiya nümayəndəliyinin sədri Mirəşrəf Fətiyevə məxsus ”Qız qalası" , habelə “Kura”, “Səmərqənd”, “Şəki” restoranlarında ehsan veriləcəyi dəqiqdir" deyə, mənbəmiz bildirir. Yeri gəlmişkən, mərhumun üçü günü Bakıdakı əksər cəzaçəkmə müəssisələrində ehsan mərasimləri keçirilib.
Bu arada mərhumun 40 mərasiminədək onun qəbirüstü abidəsinin qoyulması qərara alınıb. Mənbəmizin dediyinə görə, bu barədə Moskvadakı “bratva” qərar verib. Aldığımız məlumata görə, heykəlin hazırlanması barədə məşhur heykəltəraş Ömər Eldarovla danışıqlar aparılıb. Ömər Eldarov Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun, Səttar Bəhlulzadənin, Niyazinin, Ziya Bunyadovun qəbirüstü abidələrinin müəllifidir. 2006-cı ildə qətlə yetirilmiş “Sabirabadlı Hikmət”in qəbirüsütü abidəsini də onun hazırladığı bildirilir.
musavat.com