16:32 çərşənbə, 17 Iyul 2019
KÖŞƏ

“Modelistan” modeli

08:43, 18.12.20101610
“Modelistan” modeli

 

 Bu gülünc ittihama emosional və aqressiv cavab verməyəcəm. Sadəcə, bitərəf və ömründə Biləcəridən o tərəfə keçməyən sadəlöh bir oxucu kimi, bu rəydən yaranan ilk təsəvvürü qeyd edəcəm: “Avropada nə yaxşı oğlan var, nə də yaxşı oğlanın bacısı.” Bəli, orda insan var. Burda da var o insanlardan – kiminsə kimi formasında.

Hətta, bir az da obyektivlik etməyə çalışsaq, “kiminsə nəyi” yazmalıyıq. Bu, bizim ictimai rəyin Azərbaycan modelidir. Bu arada, yazımın “lapdanbaş”ından əsəbləşən bəzi oxucuların nəzərinə çatdırıram ki, müəllif mühafizəkardır. Amma, mühafizəkarlığın Azərbaycan modelinin “özfəaliyyətlər” seriyasından.

Modeli qoyaq bir qırağa, bir az da “topmodel” söhbəti edək. “Elitar”müğənnilərdən yox, camiyyətin lap içərilərindən və ən aşağı yaş təbəqələrindən. Şübhəsiz ki, pluralizmi inkişaf üçün əsas stimul görən müəllif, hicab kimi hansısa geyim tərzində qadağanı təqdir eləmir. Amma, bəzən elə məqamlarla üzləşirik ki, adamın plüralizmə də tüpürməyi gəlir. Və istəyir ki, “monqol dublyonkasını monqol turistinə verib yola salsın”. Çünki, bizimkilər hələ də anlaya bilmir ki, bu “monqol dublyonkası”nı necə, niyə və harda “geymək” olar.

Yazımın tam ortasında, nostaljiyə qapıldım. Parlament seçkiləri öncəsi, vaxtımın ən çox hissəsini (əsasən, oktyabr ayı) Yeni Günəşlidə keçirirdim. Dağ döşündəki qəsəbədə hava küləkli olsa da, ilıq sayılardı. Elə, bu cür bir mülayim günlərin birində, xəbər çatdı ki, səhər tezdən bəzi “manəlum” kəslər (məhkəməyə düşməmək naminə,“jek” adı çəkməyəcəm) seçki lövhələrinə bir-bir baş çəkib şəkilləri cırırlar. Mən də seçki qərargahındakı (Vüqar Bəyturanın) yoldaşlarla çıxdım “ablava”ya.

Elə, 282 nömrəli məktəbin qarşısındaca, çox lirik-semantik-romanti mənzərə ilə qarşılaşdım: Məktəbdən danışa-danışa çıxan, əyinlərindəki ətəyin uzunluğu (öz dilini yaxşı bilməyənlər “yubka” oxusun) bir mənim əlim boyda olan bir dəstə 13-14 yaşlı qız, bizə çatarkən (mənim baxışlarımı hiss edərkən) birdən durdular. Sanki, ayılmış kimi, “xor şəklində” əllərini yanlarına aparıb o geyim əşyasını iki dəfə uzatdılar. Necə deyərlər, MODELYERLİYİN AZƏRBAYCAN MODELİ.

Hər halda, açıq-saçıq baldırları ilə, “hisə verilmiş cücə modeli”ni xatırladan şagirdlər subay oğlanın baxışlarından yox, məktəbdən çıxma faktından ayılmışdılar. Axı, ataları, qardaşları və ya qonşuları bu görkəmdə onları görər, sonra... “Yaxşı oğlanın bacısı” kimi baxmazlar onlara. Amma, məktəbdə.. Kim nə deyər dünyəvi və demokratik təhsilə?!

Həmin tipdə mənzərə ilə, yəqin ki, çoxunuz qarşılaşmısınız. “Xor şəklində” olmasa belə. Əlbəttə ki, yanımdakı yoldaşa olduğu kimi, mənim üçün də gülməli göründü bu hadisə. Amma, ilk öncə, özümü saxlaya bilməyib, gözlərim ilişən baldırların sahibini bir anlıq xəyalımda tam çılpaq təsəvvür etdim. Utandım. Amma, bu, ÇİRGİNMƏKdən sonra oldu. Lap axırda isə, qorxdum. Ona görə ki, bu gülünc mənzərə və çirgin təsəvvürlər yalnız mənə rast gələ bilməz. Təsəvvürlər də, zamanla tələbata çevrilməyə bilməz. Bir sözlə, qorxduğum prosesin model adı belədir: “PEDOFİLİZASİYA”

Bu proses isə, təbii ki, Azərbaycanda çoxdan gedir. Niyə ki, azyaşlı uşaqların cinsi istismara cəlb olunması ilə bağlı gündən-günə yenilənən mətbuat xəbərləri var. Və niyə ki, AzNet-də ən çox axtarılan və yüklənən video-foto materiallar da, məhz azyaşlı uşaqların pronoqrafiyasıdır. Bu da sizə, ədəbiyyyat və mətbuatda tabuya çevrilən, bloq yazılarında xatırladılması ədəbsizlik sayılan MENTALİTETİN AZƏRBAYCAN MODELİ!

Qorxu ilə, ayıb ilə formalaşan və “çölübəzək-içifilan” qaydası ilə “inkişaf edən”ictimai rəyin Azərbaycan modeli barədə danışmayacam. Onu da soruşmayacam ki, məktəb qapısında hicab senzurası tətbiq edən direktor və tədris hissə müdirlərinin (bu vəzifənin model adı “zavuç”dur) bu qısa ətəklər barədə indiyədək hansı tədbiri olub və bundan sonra nə olacaq... Sadəcə, o “ətəkuzatma” mərasimi vaxtı beynimdə yaranan bir duanı sizə ərz edim: “Kaş ki, tezliklə bu geyim məsələsinə bir əncam çəkiləydi.” Duam göylərə çatdı. Təhsil Nazirliyinə transfer də olundu. Amma, nə təəssüf ki, TRANSFERİN AZƏRBAYCAN MODELİYLƏ!

Di salamat qalın. Və yaxud, sağollaşmağın Azərbaycan modeliylə “Davay!”

Rüfət ƏHMƏDZADƏ

 

XƏBƏR LENTİ