Abbas Abbasov nə vaxt Azərbaycana gətiriləcək? - AÇIQLAMA

Abbas Abbasov nə vaxt Azərbaycana gətiriləcək? - AÇIQLAMA
SİYASƏT
14:55 17.12.2025
1306
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. 

AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a deyib ki, Abbas Abbasovun Rusiyaya getməsi təsadüfi deyil:

"Onun yaşadığı ərazini dəyişmə ehtimalı gözlənilən idi. Bu kimi şəxslər Gültəkin Hacıbəylinin deportasiyasından sonra düşünürlər ki, Türkiyə güvənli ölkə deyil. Ancaq bu, tamamilə yanlış düşüncədir. Qardaş ölkə bütün hallarda qanunvericilik çərçivəsində hərəkət edir”.

Ekspert bildirib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yaxındır:

"Abbas Abbasovun Rusiyaya qaçması onun məsuliyyətdən azad olması mənasına gəlmir. Böyük, xüsusilə imperialist ölkələr üçün insanların həyatı və onların sona qədər qorunması önəmli deyil. Abbas Abbasov özünü böyük şəxs saya bilər, lakin Rusiya miqyasında o, elə də böyük fiqur hesab edilmir.
Rusiya təyyarə qəzasından sonra Azərbaycanla arasında yaranan soyuqluğu Abbas Abbasova görə daha da dərinləşdirməz”.

C.Abbaslı vurğulayıb ki, yaxın zamanda Abbasov Azərbaycana gətiriləcək:

"Fikrimcə, yaxın zamanda Abbas Abbasovun Azərbaycana ekstradisiyası mümkün olacaq. Ramiz Mehdiyevlə bağlı bütün xəyanətkar şəxslərin günahları sübuta yetiriləcək və onlar cəzalarını alacaqlar”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR