09:03 Cümə, 17 Avqust 2018
SİYASƏT

Abdullah Gülə “Azərbaycanın dostu” qızıl ordeni təqdim olundu

15:59, 15.05.20183896
Abdullah Gülə “Azərbaycanın dostu” qızıl ordeni təqdim olundu
Mayın 15-də Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gülə "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib.

 

AZƏRTAC xəbər verir ki, mükafatı İstanbul şəhərində "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Abdullah Gülə təqdim edib.

"Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməsindən məmnunluğunu bildirən Abdullah Gül jurnalın redaksiya şurasına və kollektivinə minnətdarlığını çatdırıb. "Azərbaycan hər zaman bizim qəlbimizdədir”, - deyən sabiq Prezident Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin regionda əməkdaşlığa nümunə olmaqla yanaşı, dünyada sülhə və sabitliyə mühüm töhfə verdiyini bildirib. Abdullah Gül hər dəfə ölkəmizə səfər edəndə özünü doğma evində olduğu kimi hiss etdiyini vurğulayıb, Azərbaycanın son illərdə keçdiyi sürətli inkişaf yolundan, regionun güclü dövlətinə çevrilməsindən qürur duyduğunu söyləyib. Ölkələrimizin siyasi sahədəki əlaqələrinin ən yüksək səviyyədə olduğunu bəyan edən A.Gül Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin bütün türkdilli dövlətlər arasındakı münasibətlərə ciddi təsir göstərdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələri hər iki ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, habelə bölgədə sülhün və sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdıran baş redaktor Emil Nəsirli bu əlaqələrin bütün sahələri əhatə edərək əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli amilə çevrilib. Baş redaktor Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin önəminə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin "Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir” fikrini xatırladaraq ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Bu il aprelin 12-də Türkiyənin İstanbul şəhərində keçirilən 21-ci Avrasiya İqtisadi Forumunda Abdullah Güllə görüşünü xatırladan E.Nəsirli onun həm ictimai-siyasi xadim, həm də tanınmış və nüfuzlu ziyalı, yüksək mədəniyyətə malik nəcib şəxsiyyət olduğunu bildirib.

Sonda Emil Nəsirli Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Gülü "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının üzvləri və kollektivi adından "Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Xatırladaq ki, 2007-ci ildə fəaliyyətə başlamış "Azərbaycanım” beynəlxalq jurnalı ölkəmiz haqqında obyektiv informasiyaları xaricdə təqdim etməklə yanaşı, məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, həmçinin tanınmış şəxsiyyətlər, eləcə də ölkəmizi sevən bütün ziyalılar, iş adamları, siyasətçilər və digər sahədə çalışan insanlar haqqında məlumatlar verir. Redaksiya kollektivinin təşəbbüsü ilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir.

XƏBƏR LENTİ