Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ukrayna müharibəsi ilə bağlı olaraq "coğrafi hədəflərimizi genişləndirəcəyik” bəyanatına ABŞ-dan da cavab gecikməyib.
AzXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Sergey Lavrovun Qərbin uzaqmənzilli raket daşımaları ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyi barədə açıqlaması ABŞ-ın "Rusiya Ukrayna torpaqlarını ilhaq etməyə hazırlaşır” xəbərdarlığını sübut edir.
Prays Lavrova cavab olaraq verdiyi müsahibədə Qərb ölkələrinin Ukraynaya uzunmənzilli silah daşımaları ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini qiymətləndirib.
Lavrovun burada ABŞ-ın bilmədiyi heç nə demədiyini bildirən Prays əlavə edib:
"Ağ Evdəki həmkarım (Con Kirbi) Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib. Ağ Evin sözçüsü Xerson və Zaporojyanın bu torpaqlara daxil olduğunu söylədi. Lavrov bu gün etdiyimiz bu xəbərdarlığı rəsmən təsdiqləyib”.
Rusiyanın ilhaq planını açıq şəkildə irəli sürdüyünü qeyd edən Prays əlavə edib ki, bu, Ukraynadakı müharibənin qanunsuzluğunu bir daha sübut edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi mətbuat konfransında deyib:
"Rusiyanın Ukraynada daha çox ərazini ilhaq etmək niyyətində olduğuna dair əlimizdə kifayət qədər sübut, kəşfiyyat və ictimai məlumat var”.
Rusiya mediasına danışan Lavrov Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların mart ayında İstanbulda aparıldığını xatırladıb:
"Müzakirəçilər İstanbulda görüşəndə bir coğrafiya var idi. İndi coğrafiya başqadır. İndi bu coğrafiya təkcə Donetsk və Luqansk "xalq respublikaları” deyil, Xerson, Zaporojya və bəzi digər vilayətlər də sual altındadır, bununla bağlı proses ardıcıl və israrla davam edir.
Qərb vəziyyəti pisləşdirmək üçün Ukraynaya uzunmənzilli silahlar, o cümlədən HIMARS (ABŞ istehsalı Yüksək Performanslı Artilleriya Raket Sistemi) göndərir. Bu halda coğrafi hədəflər indiki xəttdən irəliyə doğru dəyişəcək. Ona görə də biz imkan verə bilmərik ki, başqasının nəzarətində olan ərazilərdə silah tapılsın, o ərazilərdə onları dəyişdirsin, torpaqlarımıza və müstəqilliyini elan etmiş respublikalara təhlükə olsun”.