AMEA-da ixtisarlar institutlar səviyyəsində olmayacaq, lüzumsuz, işə yaramayan, şişirdilmiş ştatlar və şöbələr ləğv ediləcək.
Bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.
AMEA-da islahatların davam etdiyini deyən vitse-prezidentin sözlərinə görə, Akademiyanın yeni əsasnaməsi hazırlanaraq təsdiq olunub. Köhnə əsasnamə 2002-ci ildə qəbul edildiyindən müasir tələblərə cavab vermirdi.
İsa Həbibbəyli AMEAnın tərkibində institutların ləğv edilməsi barədə yayılan məlmatlara da aydınlıq gətirib: "AMEA-da institutların ləğvi haqqında yayılan məlmatlar şayiədir. Ola bilsin ki, onların adları və struturları dəyişdirilsin. Bu istiqamətdə uyğun proseslər gedir. Akademiyada yeni şöbələr yaradılır, bəzi şöbələr birləşdirilir".
O, qeyd edib ki, struktur islahatlar AMEA-nın bütün institutlarında başlanılıb. Rəyasət heyətində isə artıq başa çatıb.
İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni nizamnaməsinin hazırlanması ilə bağlı komissiya yaradılıb: "Komissiyaya xeyli sayda təkliflər daxil olub. Gələn həftə nizamnamə komissiyasının ilk iclası olacaq. İlin sonunadək isə yeni nizamnamə qəbul ediləcək".(TREND)