Azər Həsrət
Çoxdandır ki, bu mövzuda yazmaq haqqında düşünürdüm. Ancaq gündəmin daha vacib məsələləri, üstəlik də zaman azlığı imkan vermirdi. Əslində indi də zaman problemi var. Ancaq daha bir nəfər həyatından məhrum olmadan yazmaq lazımdır. Bəlkə də zamanında yazsaydım bu məşum olay da baş verməyəcəkdi...
Söhbət Nobel prospektindəki bir qəzadan və qəzada bir süpürgəçi qadının həlak olmasından gedir. Mən özüm həmin yolu hər gün gedib-gəlirəm. O yol məni evdən işə, işdən evə aparır. Allah tərəfi yaxşı yoldur. Təmirlidir, baxımlıdır. Asfaltı hamardır. Üstəlik hərəkət hissələri genişdir. Gecələr işıqlandırılır da hətta. Düzdür, bəzən yolun uzun bir hissəsində işıqların söndüyu də olur. Ancaq yenə də yol olaraq pis sayıla bilməz...
Dünən qəzetlər yazdı ki, “Neftçi”nin futbolçusu Araz Abdulla həmin bu yaxşı Nobel prospektində iki nəfəri maşınla vurub. Onlardan biri hadisə yerində keçinib, digərini isə sürücü özü ağır vəziyyətdə xəstəxanaya çatdırıb. Çox acı bir olaydır...
Bu olay, əslində, hər gün mənim gözlərimin önündə canlanırdı. Dedim axı, bu yolu hər gün gedib gəlirəm. Və az qala hər gün də nəqliyyatın intensiv hərəkət saatlarında süpürgəçiləri yolda görürəm. Örnək üçün, səhər saat 9-da oradan keçəndə görürəm ki, süpürgəçilər prospekti süpürür. Yaxud da axşam evə qayıdanda yenə də hansısa xidmətin əməkdaşları yol boyu düzülüb nəsə iş görürlər. Kimisi yaşıllıq işinə baxır, yolun bu hissəsini sulayır, kimisi də hansısa keçiddə qopmuş adi bir detalı bərpa edir. Özü də məhz nəqliyyatın ən intensiv hərəkət zamanında.
Hər dəfə bu səhnəni görəndə düşünürəm ki, əcəba, bu işçiləri bu saatlarda vəzifə başına göndərənlərin doğrudanmı ağlı çatmır ki, belə adi işləri nəqliyyat seyrək olduğu zaman etsinlər? Yəni olmazmı ki, yol boş olduğu zaman (misal üçün, saat 10-dan 16-dək və ya gecə vaxtı) istənilən işi müvafiq işarə və məhdudiyyətləri tətbiq etməklə görsünlər? Olar əlbəttə. Amma belə etmirlər. Yenə də sual edirik: niyə, ay balam? Ağlınız doğrudanmı buna da yetmir? Yetmirsə, nə ölümünüz var o işin başında?
Yoldan söz düşmüşkən, hər gün qarşılaşdığımız bir rəzalət də var. Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən yolötürücü qovşağından keçmək həqiqətən bir rəzalətdir. Çünki bir qayda olaraq sağdan gələn maşınların çoxu sola, Təhsil Nazirliyinə tərəf gedən tunelə yönəlir. Soldan gələn maşınların çoxu isə (mən də daxil) sağa, üzü hava limanına doğru getməli olur. Qaydalara görə, sağdan gələnə yol verməlisən. Bu yolda sağdan gələn sola nəzərən 2-ci dərəcəli yol olduğu üçün soldakılar hərəkət üstünlüyünə malik olur. Amma kimə deyirsən? Sağdakılardan biri, ikisi, beşi köndələninə yolu keçməyə girişincə bütün hərəkət iflic olur və bəzən 200 metrlik yolu yarım saata keçməli oluruq. Və hər addımda bizi güdən polislərdən isə xəbər belə olmur. Yaxud da həmin polislər 200 metr irəlidə, H.Əliyev prospektində dayanıb həmin o rəzalətdən qurtulanları qayda pozduğu üçün saxlayıb cərimə edir. Və bu, adını “intellektual” qoyduqları nəqliyyatın idarə edilməsi sisteminin də gözləri, deyəsən, bura çatanda tutulur. Halbuki oraya cəmi bir ədəd svetofor qoymaq yetər. Bircə svetofor problemi birdəfəlik həll edəcək və şəhər də böyük bir tıxac səbəbindən qurtulacaq.
Yenə də sual: bəy əfəndilər, bunu doğrudanmı ağlınız kəsmir və ya gözünüz görmür?
Əslində, yollarımızla bağlı bu cür misalları çox çəkmək olar. Ancaq amac o deyil. Amac “Neftçi”nin gənc futbolçusunun başına gələn acı olayın əsl məğzinə diqqət çəkməkdir. Yol xidmətlərinin yarıtmazlığı üzündən baş verib bu olay əslində. Bir insan dünyasını dəyişib, bir gənc də ömrü boyu qurtula bilməyəcək vicdan əzabına düçar olub. Hansı səbəbdən? Süpürgəçini o saatlarda yollara göndərənlərin üzündən! Diqqət çəkmək istədiyim, əslində, bu məsələ idi...