Xarici işlər nazirinin müavini Araz Әzimov Azərbaycanın Vahid Avrasiya Gömrük İttifaqına qoşulması üçün səslənən təkliflərə münasibət bildirib.
AZXEBER.COM-un verdiyi xəbərə əsasən,A.Әzimov jurnalistlərə bildirib ki, bu cür birliklərin yaradılması hələlik başlanğıc mərhələsindədir. Onun sözlərinə görə, burada çoxlu aspektlər var və bunları nəzərdən keçirmək lazımdır: “Bütövlükdə, Azərbaycan daha geniş formatlarda əməkdaşlıqda iştirak edən dövlətdir. Hazırda Azərbaycan iqtisadi və siyasi çərçivələrdə daha geniş töhfələr verir. İnanmıram ki, biz 360 dərəcəyə baxan siyasətə dəyişiklik etməliyik. Çünki Azərbaycan beynəlxalq cəmiyyətin və təşkilatların üzvüdür. Odur ki, birtərəfli qərarların verilməsində mən böyük mənfəət görmürəm”. Nazir müavinin fikrincə, digər tərədən isə Azərbaycan özünə güvənən və öz milli təbii və iqtisadi resurslarından faydalanan ölkədir: “Regional çərçivədə isə Azərbaycanın bu potensialından bəhrələnən ölkələr də var. Azərbaycan xarici ölkələrə xeyir verən və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən dövlətdir. Bütün bunlara görə də hər hansı birtərəfli formata daxil olmağımız məncə uyğun olmazdır. Çünki Azərbaycan bir istiqamətə baxmamalıdır. Azərbaycan bütün tərəflərdə öz maraqlarına uyğun olaraq iştirak edir”.