Dövlət neft şirkətinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, partlayış Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verib. Partlayışdan dərhal sonra Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. Neft şirkətindən bildirirlər ki, Türkiyə ərazisində təmir işləri başa çatandan sonra Azərbaycan qazının bu ölkəyə nəqli bərpa olunacaq.Xatırladaq ki, partlayış Türkiyənin Qars şəhərində Sarıqamiş rayonunda olub. Partlayiş 100 metrədək yüksələn güclü yanğına səbəb olub. Uzaq məsafədən müşahidə edilən yanğın sakinlər arasında təşvişə səbəb olub. Yaxınlıqdakı bəzi evlərin şüşələri sınıb. Əvvəlcə zəlzələ olduğunu düşünən sakinlər küçəyə qaçıblar. Partlayışın səbəbi araşdırılır. Qaz kəmərində partlayışın təxribat ola biləcəyi də istisna edilmir.Artıq Türkiyə rəsmiləri də partlayışın Bakı-Tiflis -Ərzurum qaz kəmərində baş verdiyni təsdiqləyiblər. Qarsın Sarıqamış kənd icra nümayəndəsi Erdoğan Turan Ermiş deyib ki, onlara ilk öncə BTC-də partlayış baş verdiyi barədə məlumat gəlib və onlar da bununla bağlı məlumat yayıblar: “Ancaq sonra partlayışın Bakı-Tiflis-Ərzurum qaz kəmərində olduğu müəyyənləşdi. Bu, BOTAŞ şirkətinin nəzarətində olan ayrı bir xətdir. Hazırda kəmərdəki yanğın nəzarət altına alınıb”.