"Arvadım kobud cavab verdi deyə döydüm"

"Arvadım kobud cavab verdi deyə döydüm"
SOSİAL
12:18 09.06.2026
223
Quba rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham edilib.

AZXEBER.COM xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Xəlil birgə yaşadıqları evdə arvadı Züleyxa (adlar şərtidir – red.) ilə aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsindən yumruqla, sağ ayağından təpiklə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən Xəlil törətdiyi əməli etiraf edib və bildirib ki, 2006-cı ildə Züleyxa ilə ailə həyatı qurub: "Aramızda baş verən münaqişələrə görə bir müddət sonra rəsmi qaydada boşandıq.

Boşanmağımıza baxmayaraq bir evdə yaşamağa davam etdik. Məlum hadisə günü, saat 22 radələrində birgə yaşadığımız evdə olduğumuz zaman Züleyxadan gündüz harada olduğunu soruşdum. O, kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim və ayağım ilə Züleyxanın bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirdim”. 

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Züleyxa Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. 

Quba Rayon Məhkəməsinin hökmü ilə Xəlil 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən onun cəzaçəkmə müddəti ərzində Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. 

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
OXŞAR XƏBƏRLƏR