13:37 Cümə, 17 Avqust 2018
KÖŞƏ

Aydın müəllim, adınızdakı aydınlığı göstərmək şansınız var

21:54, 07.05.20188058
Aydın müəllim, adınızdakı aydınlığı göstərmək şansınız var
 Rejissor, aktyor - Rza Rzayev

Hacıbəyi və Əfsələddini hələ dövlət məmuru işlədiyim vaxtlardan tanıyırdım, sonra qismət elə gətirdi ki, Türkiyədə eyni dönəmdə təhsil aldıq, daha yaxın olduq.

İstanbula çox gənclər getmişdi təhsil dalınca, təhsilin dalınca düşmədilər, amma Hacıbəy və Əfsələddin təhsil almağa gəlmişdi. Bu gənclər problemlər içində təhsil alırdılar.

Detallarına varmaq istəmirəm. Çoxları öz adına iş tapmağa çalışanda, özünə orada gün ağlamağa çalışanda, bu gənclər orada Azərbaycan adına çalışırdılar, tədbirlər keçirirdilər. Həm də heç bir dəstək olmadan, öz hesablarına, anlayırdılar ki, vətənə dönəndə "hesab" verəcəklər. İndi mətbuatdan oxuyuram ki, keçmiş Gömrük şefi və generalı bu gəncləri məhkəməyə verib, tutdurmaq istəyir. Adını da qoyub ki, ona şər atıblar. Cənab Prezident mətbuatın inkişafı üçün əlindən gələni edir ki, bu sahə inkişaf etsin, dövlət işlərində gəncləri irəli çəkir, keçmiş komitə sədri isə gəncləri tutdurmaq istəyir. Prezidentin dəstəklədiyi gənclərdən prezidentin cəzalandırdığı, işdən xaric etdiyi şəxs qisas almaq istəyir. Mətbuat istintaq orqanı deyil, səhv məlumatlar da ola bilər, münasibətləri belə həll etməyin, yoluna qoymağın yolu da istintaq, məhkəmə deyil, sizə də haqq verirlər, özü də həmin saytda, yazılanları gəlib təkzib etmək - haqqı.

Bu gənclər çox çətinliklə gəlib mətbuat aləmində özlərinə yer ediblər, özlərinin dediyinə görə, ilk başlayanda mətbuatı sevən adamlardan bəziləri onlara kömək olub, məsələn - Rəşad Məcid. O qədər də imkanlı şəxs deyil. Amma, nümunə göstərib...

Bu gənclər böyük-kiçik yeri biləndilər, neçə illərdir dövlət qulluğunda çalışmısınız, bu gəncləri çağırıb, üzbəüz söhbət edib məsələni aydınlaşdıra bilərdiniz, Aydın müəllim, sizə və hamıya onda hər şey aydın olacaqdı. Tutaq ki, bu gəncləri tutdurdunuz, cəmiyyətin sizə olan münasibəti birmənalı deyil, toplumun sizə olan mənfi mövqeyi dəyişəcəkmi? Yox, amma bu gənclər sizə cəmiyyətdə başqa bir imic formalaşdırmaq şansı veriblər. Aydın müəllim, adınızdakı aydınlığı göstərmək şansınız var, siz bu gəncləri "bağışlayın", sonra onların gələcək planları ilə maraqlanın, problemlərini həll edin, bu dəfə bunu Azərbaycan adına edin, siz Azərbaycan generalısınız, General nümunəsi yaradın. Yoxsa, belə münasibətlə cəmiyyətdə özünüzə qarşı daha çox nifrət qazandırarsınız, hətta o gənclər günahkar olsalar da, siz belə günah yumaqla daha da günaha batarsınız.

Gömrük Komitəsinin sədri olduğunuz zaman heç vaxt gömrüyümüz tam aydın olmadı, həmişə qaranlıq məsələlərdə adı hallandı təşkilatın. İndi işdən çıxarılmısınız, sizə daha sərt davranmaq istəmirik və heç bir halda sizə qarşı indiki durumunuzda mənfi bir fikir yazmaq istəyim yoxdu, bu xarakterimizə yaddı, amma bizi belə hala salmayın - özünüz gedin məhkəməyə, iddianızı geri götürün, gənclərlə şəkil çəkdirin, paylaşın, işdən çıxarılmısınız, pulunuz olmaya da bilər, hesabı da gənclər verər. Hesab edirik ki, işlədiyiniz dönəmdə pul ilə rüsumu heç vaxt dəyişik salmamısınız, elə düşmən ilə öz vətəndaşınızı da dəyişik salmayın, qisası düşməndən alarlar, gəncləri düşmən seçməyin, düşmən görməyin.
Sənət insanlarını bu gəncləri müdafiə etməyə çağırıram. Siz də səsinizi çıxarın, çünki bu gənclərin öz hesablarına yaratdıqları saytın qapıları həmişə sənət insanlarının üzünə açıq olub.

XƏBƏR LENTİ