Aygün Kazımova Los-Ancelesdə klip çəkdirəcək

MAQAZİN
18:17 19.01.2013
1587
Bir çox kütləvi informasiya vasitələrində Aygün Kazımovanın böyük dünya layihəsi ilə bağlı məlumatlar yayılıb. Xalq artistinin dünya layihəsinə artıq start verilib. Üçüncü aydır ki, bu layihə üzərində çox ciddi işlər gedir. Müğənni özü bu barədə eksklüziv açıqlama verdi.“Layihənin üzərində çox qızğın bir çalışma gedir. Mahnı bir çox tanınmış simaların vokal müəllimi olan Markusla iki gün ərzində İstanbulda lentə alınıb. Los-Ancelesdən Markusla barabər bekvokalçılar da gəlmişdilər. Mahnını dinləyərkən, həyəcandan özümü saxlaya bilmirdim. Bu layihə mənim ömür boyu arzuladığım bir layihədir. Artıq ən böyük arzum həyata keçir”.Müğənni tezliklə reallaşacaq səfəri barədə də danışdı. “Bu yaxınlarda İstanbula yola düşürəm. Orada klipin rejissoru və stilistimlə görüşərək, imicimdə bəzi dəyişikliklər edəcəm. Məhz buna görə də, rejissor özü Los-Ancelesdən İstanbula gəlir. Əlavə olaraq qeyd edim ki, bu layihə mənim artıq bir ildir solisti olduğum “DokuzSekiz Müzik Yapım” şirkətinin layihəsi olduğundan, bu xəbər ilk dəfə İstanbulda və Azərbaycanda açıqlanacaq”.Xalq artisti bu layihədə iştirak edən insanların bəzilərinin adını açıqladı. “Bu klipdə dünya ulduzu J.Lo-nun xoreoqrafı Həmzə, Britni Spirsin vokal müəllimi Markus, Beyonsun rəqqasları, adını açıqlaya bilmədiyim dünya ulduzunun stilisti ilə birgə çalışacağıq. Bütün seçimlər mənim özümündür. Xoreoqraf Həmzə özü mənim klipimdə rəqs edəcək”.Klip çəkilişlərinin başlama vaxtı da bəlli oldu. Müğənnin dediyinə görə, məşqlər, daha sonra klip çəkilişləri Los-Ancelesdə baş tutacaq. Klipin təqdimatının isə mart ayında İstanbulda və vətənimizdə keçirilməsi gözlənilir. Türk mediasının yaydığı məlumata görə, klip ilk dəfə dünya mediasında yayımlanacaq.Xatırladaq ki, bu layihə türk şirkətinin layihəsi olduğundan müqaviləyə görə ən yeni və doğru məlumatlar ilk olaraq Türkiyə və Azərbaycan mediasında açıqlanacaq.
//Show.az

OXŞAR XƏBƏRLƏR