7 rayonda müasir tipli cəzaçəkmə müəssisəsi tikilir. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan iqtisadiyyatının inkişaf etməsinin cəzaçəkmə müəssisələrində də özünü göstərdiyini deyən M.Quliyev qeyd edib ki, prezidentin xüsusi diqqəti nəticəsində regionlarda 7 müasir tipli cəzaçəkmə müəssisəsi tikilir.
“Bakı İstintaq Təcridxanasında müasir tələblərə cavab verən avadanlıqlar yerləşdirilib. Cəzaçəkmə müəssisəsi tikmək asan iş deyil. Bu çox baha başa gəlir. Buna baxmayaraq iqtisadiyyatımızın inkişafı buna imkan verir”, - deyə Mədət Quliyev vurğulayıb.
Fikirlərinə davam edən M.Quliyev Azərbaycanda məhkumların işlə təmin edilməsi məqsədilə müvafiq işlər görüldüyünü də bildirib. Onun sözlərinə görə, iş adamlarının cəzaçəkmə müəssisələrinə cəlb olunması və onlara müəyyən güzəştlərin tətbiq edilməsi istiqamətində işlər görülür.
“Bununla bağlı ədliyyə naziri tərəfindən tapşırıqlar verilib. Bu məqsədlə bir neçə iş adamı ilə görüşlər keçirilib. Məhkumlar nəsə istehsal edə bilər. Lakin belə məhsulların satışı çox çətindir. Rəqabətə davam gətirə bilməz. Problem də məhz bununla bağlıdır. Məhkumların işlə təminatını onların cəmiyyətə adaptasiyası kimi qiymətləndirmək olar”, - deyə Mədət Quliyev vurğulayıb.