Həmçinin, Ali Məhkəmənin qərarı ilə jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa çıxması hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqunun nəticəsidir və gələcək dialoqun dərinləşməsinə xidmət etdiyinin bir nümayişidir. Eyni zamanda, artıq hesablarına həbs qoyulmuş təşkilatlarının bir neçəsinin hesablarının açılması, onların bağladıqları qrant müqavilələrinin qeydiyyatına başlanması da irəliyə atılmış müsbət addım kimi qiymətləndirlir və Azərbaycan Avropa Hərakatı olaraq təqdir edirik. Ümid edirik ki, ən yaxın zamanlarda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hamısının azadlığa çıxması, vətəndaş cəmiyyəti barəsində qanunvericilikdə olan əngəllərin aradan qaldırılması, qeyri-hökumət təşkilatlarının beynəlxalq qurumlarla, o cümlədən qlobal layihələrdə iştirakına məhdudiyyətlər yaradan, problemli məsələlərin həlli istiqamətində də intensiv islahatlar həyata keçiriləcək. Əminik ki, bu istiqamətdəki islahatlar cəmiyyətin ayrı- ayrı ictimai institutlarının inkişafına, pluralizmin güclənməsinə gətirib çıxaracaq ki, nəticədə Azərbaycan həm iqtisadi, həm də mədəni cəhətdən qüdrətli ölkəyə çevriləcək.