Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlu ilə görüşüb.
AZXEBER.COM-a Nazirlikdən verilən məlumata görə, görüşdə əsasən Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyası tərəfindən 2016-cı ilin avqust 31-dən sentyabr 3-dək Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya konfransının keçirilməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, Azərbaycanda keçirilməsi planlaşdırılan bu konfrans Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan ilk beynəlxalq tədbirlərdəndir.
Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər müzakirə olunub.
Bildiririk ki, tədbirin keçirilməsi həm enerji, həm də turizm sahəsində mühüm əhəmiyyət kəsb edir. Konfransda 200-ə yaxın dövlət, özəl və akademik dairələrdən nümayəndənin iştirakı nəzərdə tutulur.
Görüş zamanı Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan qonaqlar ölkəmizlə bağlı zəngin təəssüratlarını bölüşüblər.