“Son 15 ildə Azərbaycan futbolunun təməli dağıdılıb” - Ekspert

“Son 15 ildə Azərbaycan futbolunun təməli dağıdılıb” - Ekspert
İDMAN
17:12 15.08.2025
239
"Bu, Azərbaycan futbolunun yeni yox, köhnə problemidir. Artıq 10 ildən çoxdur ki, biz avrokubokların qrup mərhələsinə ikinci komandanı göndərə bilmirik".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış idman eksperti Kənan Məstəliyev son illər "Qarabağ" klubundan başqa digər klublarımızın heç birinin avrokubokların qrup mərhələsinə vəsiqə qazana bilməməsini şərh edərkən deyib.
 
Futbol mütəxəssisi bildirib ki, biz sonuncu dəfə ikinci komanda - "Qəbələ"nin 10 il əvvəl Avropa Liqasının qrup mərhələsində iştirakını görmüşük:
 
"Sonuncu dəfə bunu 10 il əvvəl "Qəbələ" klubu bacarmışdı. Həmin il "Qəbələ" ilə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində iştirak etmişdilər. Ondan bəri hətta "Qarabağ"dan başqa heç bir klub qrup mərhələsinə düşə bilməyib. Bunun da səbəbləri çoxdur, Azərbaycan futbolu darmadağın vəziyyətdədir. Uzun illər ərzində, yəni son 15 ildə Azərbaycan futbolunun təməli dağıdılıb. İnfrastrukturda ciddi problemlər yaradılıb, futbol inkişaf etdirilməyib. Azərbaycan futbolu regionlarda sıfır vəziyyətinə gətirib çıxarılıb. Uşaq futbolu bərbad vəziyyətə gətirilib və elə bir vəziyyət yaranıb ki, cavan futbolçuların inkişafı mümkünsüz hala çevrilib. Peşəkarlıq ən aşağı səviyyə enib və Azərbaycan futboluna düşmən kimi baxılır. Bir sözlə, Azərbaycan futbolunun inkişafı ilə bağlı heç bir addım atılmayıb. Əksinə, pul qazanmaq, öz istəklərini yerinə yetirmək üçün Azərbaycan futbolunun kökünə balta vurulub".
 
K. Məstəliyev qeyd edib ki, bir il ərzində AFFA-da rəhbərlik dəyişib, lakin bu anda onların da edə biləcəyi heç nə yoxdur:
 
"Son bir il yarım ərzində AFFA-da rəhbərlik dəyişib və yeni adamlar gətirilib, lakin bu anda onların edə biləcəyi heç nə yoxdur. Çünki, təməl elə bir vəziyyətdədir ki, onlar bunu il yarım, bir ilə düzəldə bilməzlər. Bu, mümkünsüzdür. Burada stadionlar tikilməli, uşaq futbolunun sistemi düzəldilməli, kütləvilik olmalı, bir çox peşəkarlıq tətbiq olunmalıdır. Bunların yetişdirilməsi üçün böyük proqramlar həyata keçirilməlidir. AFFA-nın yeni rəhbərliyi strategiya qəbul edib və buna uyğun addımlar atmağa çalışır. Bunu həyata keçirmək asan olmayacaq, amma ən azından kağız üzərində hər şey yaxşı görünür və onun heç olmasa bir 30 faizi yerinə yetirilsə, o zaman futboldan nə isə gözləmək olar. Ümumiyyətlə, Azərbaycan futbolunun hazırda bu halda olması uzun illərlə görülən mənfi işlərə görədir".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR